Əsas məzmuna keç

Heca şeiri

Belə gördüm

Zəlimxan Yaqub

1

Aran yolu qovuşanda dağlara, Gül ətirli sərinliyə yetişdim. Dərə dərin, daş sıldırım, dağ uca, Yüksəkliyə, dərinliyə yetişdim.

Bu gün məni öz qoynuna səsləyən, Daşaltıdı, qayaların qaşıdı. Bir səfərim min bir səfər olsa da, İlk görüşüm görüşlərin başıdı.

Sinəsində yorub neçə köhləni, Cıdır düzü cıdırıma bax deyir. Tər çiçəyi öz ətrinə qərq edir, Boz dumanı, çadırıma bax deyir.

Həvəs ilə, heyrət ilə gəzirəm, Vaqif yatan, Vurğun gəzən yerləri. Dost üzünə qapı kimi açılan, Hər qarışı düşmən əzən yerləri.

Dağ şəhəri üstələyə bilərmi, Bu yerlərdə şəhər dağın üstədi. Yaşıl donlu, qəlb ovlayan gözəldi, Dəli çayın, gur bulağın üstədi.

Ana torpaq hər diyara verməyib Bu isməti, bu şöhrəti, bu şanı. Şeirə döndü, yaddaşıma yazıldı, Belə gəzdim, belə gördüm Şuşanı.

1975, 29 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.