Əsas məzmuna keç

Müxəmməs

Bəlayi-eşqə düşdün, ey büti-məhparə, səbr eylə

Seyid Əzim Şirvani

3

Bəlayi-eşqə düşdün, ey büti-məhparə, səbr eylə, Günün oldisə gər hicran əlindən qarə, səbr eylə, Ümidi-vəsli-cənnət eyləyib yan narə, səbr eylə, Düşüb Məcnun kimi səhranı gəz avarə, səbr eylə, Cəfayi-dövri-gərdun dunü kəcrəftarə, səbr eylə.

Bu ahugözlülər bağlar kəməndi-zülf ilə şiri, Tökübdür çoxların qanın bu yolda eşq şəmşiri, İtirmə kəsrəti-qəmdən, əzizim, rahi-tədbiri, Məhəbbət pak olursa, çox olur əlbəttə təsiri, Edər ahın əsər ol dilbəri-xunxarə, səbr eylə.

Oxurdum məktəbi-üşşaqdə təsnifi-Loğmanı – Ki, gördüm səbt olub hər müşkülə bir növ samanı, Bu qədri çəkmə hicri-yar əlindən ahü əfqanı, O hansı dərddir kim, olmasın aləmdə dərmanı, Yazılmış dəhrdə hər dərd üçün bir çarə, səbr eylə.

Vuran Mənsurluq lafın qəmi-darından incinməz, Özün pərvanətək şəmə vuran narından incinməz. O şirin ləlin, aşiq, təlx göftarından incinməz. Gülüstani-cahanda gül sevən, xarından incinməz, Əgər yar istəyirsən, təneyi-əğyarə səbr eylə.

Nə qəm, olsa sənə, ey dust, düşmən cümleyi-aləm – Ki, mülki-hüsn içində, tacidarım, şahsən sən həm, Çəkib müjgan sipahı eylə yeksər aləmi bərhəm, Və lakin zəxmi-tiri-yarə hərgiz istəmə mərhəm, Yetə gər sinən üzrə yarə üstən yarə, səbr eylə.

Əgərçi xurdü xabı eşq üşşaqə həram eylər, Xəyali-zülfü rüxsarı günün möhnətlə şam eylər, Nə Əflatun bu dərdin çarəsin, nə Cəm, nə cam eylər, Olur ki, vəsli-dilbər bir gün, ey məh, iltiyam elyər, Əgər Seyyid kimi könlün ola sədparə, səbr eylə.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.