Behiştin
Göydən yuxarıdır, ərşdən aşağı, Ey yaranlar, yeri, özü behiştin. Həzar min nəğməsi, yüz min muğamı, Həmişə qurulu sazı behiştin.
Xıdır yaşın versə onu gəzməyə, Davud katibliyin versə düzməyə, Gecə-gündüz olsam şərhin yazmağa, Mindən bir deyilməz sözü behiştin.
Dərviş düşdə görüb olmuş aşığı, Qızıldan qurulmış fərşi, işığı, Aləmi qərq eylər nurdan işığı, Əgər bir açılsa üzü behiştin.
Kəlam içrə oxub deyər mollalar, Qulluqçu rizvanlar, inci-şillələr, Mürəssə halqalar, nazik hüllələr, Tükənməz neməti-nazı behiştin.
Şərhini deməyə sözüm, dilim yox, Həqq özü hakimdir, cəbr, zülüm yox, Qayğı-qəm yox, qocalıq yox, ölüm yox, Ayrılmaz, sovulmaz yazı behiştin.
Yüz şərbətdən məcun olub qatılan, Qara saçı ağ topuqda çatılan, Balzəban, növcavan, tazə yetilən, Bəzənər, sallanar qızı behiştin.
Minib seyran üçün Buraq atları, Gündən-günə artar könül şadları, Ləldən, yaqutdaundur olan zadları, Heç olmaz ki gərdi-tozu behiştin.
Bişər əlvan, əl dəyməyən aşları, Qüdrət ilə büryan olub göşləri,
Tay gələr dünyaya dirhəm-daşları, Artıqdır hər yandan özü behiştin.
Hər növbə min dürlü şərab içilən, Almaz, inci, yaqut, dürlər saçılan, Rəngbərəng bihesab güllər açılan, Müşki-ənbər qoxar üzü behiştin.
Həq qəbul eyləyib dostun, əğyarın, Hasil edib bütün məqsədin - varın, Göstərib ol gündə xəlqə didarın, Budur möminlərə razı behiştin.
Məxdumqulu, vəsfi gəlməz dillərə, Dilə gəlsə, bəyan etsəm ellərə, Aciz bəndələrə, asi qullara, Ya rəb, özün eylə ruzi behiştin.