Bayatı ömrü ver şeirlərimə
Gəl, ilham pərisi, gəl qucaqlaşaq, Qabaraq, çəkilək, qaynayaq, daşaq. İşlə naxışını, toxu xalını, Qəlbimə, ruhuma çək sığalını. Yaşamaq əmri ver misralarıma, Bayatı ömrü ver şeirlərimə.
Közdə, qığılcımda, alovda, odda, Ruhda, şirinlikdə, ləzzətdə, dadda, Dəftərdə, kitabda, yaddaşda, yadda, Əzəli-əbədi yaşamaq üçün Bayatı ömrü ver şeirlərimə.
Sazdan barxanası, muğamdan yükü, Nağıldan mayası, dastandan kökü, Dağlardan selini-suyunu göndər, Zirvədən görünən boyunu göndər. Tarixin basılmaz səngərini ver, Dəvə karvanının ləngərini ver. Səhranın qızılı qumuna döndər, Torpağın qapqara şumuna döndər, Bayatı ömrü ver şeirlərimə.
Bu dəvə deyimlər, karvan misralar Qəmi daşıyarmış, dərdi çəkərmiş. Min sətri düzsən də ağ varaqlara, Yükü misraların dördü çəkərmiş. Ölməz bayatılar ölümün üstə Qoşun yeridərmiş, ordu çəkərmiş. Sabah başdaşıma yazdırmağa da Cəmi dörd misralıq bayatım olsun. Sarı aşıqlara yoldaş eyləsin, Bayatım çevrilsin həyatım olsun. Ey ilham pərisi, vaxt əsirgəmə, Bayatı ömrü ver şeirlərimə, Bayatı ömrü ver şeirlərimə.
2006, 31 iyun