Əsas məzmuna keç

Müxəmməs

Baxın

Aşıq Ələsgər

1

Ariflər fəhm eləyin, Süzüb gedən yara baxın! Eyləyib müjganları Sinəmi sədpara, baxın! Aşığa rəhm eləmir, Zalım sitəmkara baxın! Çəkirəm həsrətini Mən yazıq bimara baxın! Axır, məni çölə salıb Eyləyər avara, baxın!

Yaraşır əndamına Yaşılı, alı gözəlin; Ayaqda sağrı başmaq, Başında şalı gözəlin; Tərifi, səs-sorağı Tutub mahalı gözəlin, Hər yana şölə salır, Günəş camalı gözəlin; Açılıb yaxabəndi Ağ sinəsi qara baxın!

Alıbdı xoş saatda Yaradandan pay bu sənəm; Behiştin pərisinə, Hurilərə tay bu sənəm; Göy üzündə gərdiş edən, Bədirlənmiş ay bu sənəm; Niyə məndən üz döndərib Eylər ömrüm zay bu sənəm?! Tülək tərlandan ayrılıb, Uymaq istər sara, baxın!

Bəzənib çıxır yenə, Qəsd edir cana sallanır; Baş əymir o, sərdara, Sultana, xana, sallanır; Bürümür gül camalın, Mərdü mərdana sallanır, Yusifi dama salan Züleyxayana sallanır; Görəni eşqə salır, Gözləri xumara baxın!

Gözəl bəyaz gərdənə Həmayılın taxtı, keçdi; Daldadan mənə sarı Oğrun-oğrun baxdı, keçdi; Binəva yazıq canımı Eşq oduna yaxdı, keçdi. Nəqafil müjganını Ürəyimə taxtı, keçdi; Dostunu endirməyən Zalım vəfadara baxın!

Danışır, gəlir xoşa, Dilbərin şəkərdi sözü; Yaraşıqda, boy-buxunda Budu gözəllərin gözü; Gün kimi şölə verir Gül camalı, göyçək üzü; Qəlbimdə ocaq qalayıb, Bağrıma basıbdı közü; Ciyərimin atəşinə, Sinəmdəki nara baxın!

Tökülüb dal gərdənə Gözəlin dəstə telləri; Eyləyib Ələsgəri Sağalmaz xəstə telləri; Qıymayır oynatmağa Vəfalı dosta telləri; Necə qıvrım-qıvrım olub Giribdi qəsdə telləri; Gündə yüz yol canım alan O zülfü şahmara baxın!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.