Əsas məzmuna keç

Heca şeiri

Bax, oğlum, yaxşı bax, təbiət budur

Zəlimxan Yaqub

1

Dağı ucalığın, tarixin yaşı, Düzü genişliyin ulu yaddaşı. Ətəyi bürkülü, zirvəsi sərin, Uçrumu amansız, dərəsi dərin. Yağışı göz yaşı, qarı bakirə, Pətəyi tərtəmiz, arı bakirə. Şahinin, qartalın baxışında nur, Bax, oğlum, yaxşı bax, təbiət budur!

Dəvəsi ləngərli, dovşanı ürkək, Pələngi yırtıcı, ceyranı mələk. İlanı zəhərli, arısı ballı, Tülküsü minsifət, bəbiri xallı. Bayquşu bədnəfəs, bülbülü heyrət, Qarğası qarıltı, qırğısı qeyrət. Baxışlar havalı, buynuzlar şeşə, Maralı dağlarda yeriyən meşə. Gəl, bu mənzərənin tamaşasına, Zirvələr yanında zirvə kimi dur, Bax, oğlum, yaxşı bax, təbiət budur!

Yerin yer dili var, yurdun yurd dili, İtin it dili var, qurdun qurd dili. Gülün gül dili var, otun ot dili, Quşun quş dili var, atın at dili. Yerdə köklər durar, göydə budaqlar, Yaddaşı yaddaşa xatirə saxlar. Qaya dilləndirmək, dağ ovsunlamaq, Daşı danışdırmaq sənin əlində. Tarixi, zamanı, vaxtı, vədəni, Yaşı danışdırmaq sənin əlində. Görən çox olsa da, götürən azdı, Kim yadda saxlayar, kimi unudar, Bax, oğlum, yaxşı bax, təbiət budur!

Damcıda ümman var, ümmanda damcı, Buludda şimşək var, şimşəkdə qamçı. Yağışda həyat var, seldə hərəkət, Sünbüldə zəmi var, dəndə bərəkət. Yarpaq əlimizdi, torpaq canımız, Şəlalə hissimiz, həyəcanımız. Külək sığalımız, meh tumarımız, Çeşmə ürəyimiz, çay damarımız. Çatılan qayalar çatıq qaşımız, Ucalan zirvələr qarlı başımız. Həyatın, varlığın canı, cövhəri Havadır, torpaqdır, atəşdir, sudur, Bax, oğlum, yaxşı bax, təbiət budur! Yaradan deyilən o hikmət budur!

2001, 5 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.