Bax, gözlərim
Bax, gözlərim, doyunca bax bu yaşıllığa, Duyğularım toxum olub cücərə bilsin. Yerə vurğun, göyə vurğun şair ürəyi, Öz şeirini bu güllərtək becərə bilsin.
Bax, gözlərim, doyunca bax bu yaşıllığa, Yaşıl zolaq, yaşıl yarpaq, yaşıl budaqdı. Zaman burda öz işində, öz axarında, Dünya burda çək-çevirdən çox-çox uzaqdı.
Bax, gözlərim, doyunca bax bu yaşıllığa, Yaşıl sözə, yaşıl şeirə yaşıl işıq var. Zirvə başlı, qaya döşlü, çəmən ətəkli, Təbiətdə haqdan gələn bir yaraşıq var.
Bax, gözlərim, doyunca bax bu yaşıllığa, Çiçəklərin dodağında şeh görəcəksən. Nə qədər ki, təbiətlə nəfəs alırsan, Şairliyi söz taxtında şah görəcəksən!