Əsas məzmuna keç

Heca şeiri

Başucalığı

Zəlimxan Yaqub

1
Frankfurt-Vaşinqton təyyarəsində düşüncələr

Əlli il dolandım torpağın üstə, Heç yanda, heç yerdə mən darıxmadım. Söhbətdə, harayda, sükutda, səsdə, Ən uzaq səfərdə mən darıxmadım.

Bir göy uğultusu, bir boşluq səsi, Darıxdım bu səsdə, küydə darıxdım. Dəysin ciyərimə yerin nəfəsi, Darıxdım boşluqda, göydə darıxdım.

Dolaşım torpaqda, kölgədə, gündə, Məni yerə atın, geri qaytarın. Qoy göylər dayansın öz göylüyündə, Mənə öz anamız yeri qaytarın.

Göydə torpaq yoxdu, göydə vətən yox, Neylərəm gərəksiz, boş ucalığı. Yüksəklər də çoxdu, ucalar da çox, Torpaqdı insanın başucalığı.

2001, 8 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.