Başsızlar
Kəsdi əjdahalar sular başını, Balıqları yedi, quşları yedi. Nə qədər kəllələr bişdi qazanda, Nə qədər iştahlar aşları yedi.
Vaxtında dənliyə çatmadı dənlər, Pərişan qayıtdı dən üyüdənlər. Məqam axtaranlar, fürsət güdənlər, Dəyirman qarışıq daşları yedi.
Dərd verdi millətə naşı olanlar, Ağladı gözünün yaşı olanlar. Bilər baş qədrini başı olanlar, Başsızlar həmişə başları yedi.