Əsas məzmuna keç

Qoşma

Başkeçid yaylağı

Zəlimxan Yaqub

3

Bura yüz yaşında bir qoca gəlsə, Göz işığa gələr, diz qüvvət tapar. Baxar gözəllərin şux yerişinə, Hər bulaq başında bir cənnət tapar.

Baxmaz baharına, qışına baxmaz, Saçlar qar olsa da, başına baxmaz. Təbiət insanın yaşına baxmaz, Könül doxsanında məhəbbət tapar.

Şehlə dodaqlansın güllərin camı, Yaşa ürəyincə arzunu, kamı. Belə bir oylaqda gəzən adamı, Nə dərd üstələyər, nə həsrət tapar.

“Qaytarma” üstündə dillənəydi saz, Qayıda biləydim qoynuna hər yaz. Burda aşıq olsa, şirin bir avaz, Burda şair olsa, şeriyyət tapar.

Xoşdu bu yerlərdə duman da, sis də, Meylin nə çəkirsə dağlardan istə. Hər çay kənarında, hər bulaq üstə, Ömür bir əbədi təravət tapar.

Zəlimxan, yaşama torpaqdan ayrı, Közün nə ömrü var ocaqdan ayrı? Sözün bu arandan, yaylaqdan ayrı, Nə dildə səslənər, nə şöhrət tapar.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.