Əsas məzmuna keç

Qoşma

Başkeçid

Zəlimxan Yaqub

3

Sıxanda könlümü aran yerləri, Quş olub çiyninə qonam, Başkeçid. Yaşıl yaylaqlara yarım demişəm, Dilbərim, istəklim, sonam, Başkeçid.

Yellərin əliylə açıla yaxam, Dünyaya qoynundan boylanıb baxam. Qarınla əriyəm, selinlə axam, Buzunla bərkiyəm, donam, Başkeçid.

Bədbəxt o kəsdir ki, eşqi dayazdı, Min dəfə başına dönsəm də azdı. Adını ömürlük qəlbimə yazdı, Çalanda laylamı anam, Başkeçid.

Vuruldu şəhərə, bağlandı kəndə, İstəyim dayanıb durmadı gendə. Uca zirvələrdən söhbət düşəndə, Mən sənə gətirdim inam, Başkeçid.

Sözlə xatırlasın, söhbətlə ansın, Zəlimxan eşqinlə yandıqca yansın. Qoy sənin adınla qoşa dayansın, Özülüm, şöhrətim, binam, Başkeçid!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.