Baş yastığa gələndə
Səs qınına çəkilər, Otaqda sükut gəzər. Gələr, gedər, çəkilər, Baxışda bulud gəzər. Xəstənin ürəyində, Dəli bir umud gəzər, Baş yastığa gələndə.
Damaqda dada gəlməz, Alma, heyva, nar payı. Gözlərinə görünməz, Dost sovqatı, yar payı. Əjdahaya çevrilər, Yorğan-döşək, çarpayı, Baş yastığa gələndə.
Damcılar təsbeh kimi, Kirpiklərə düzülər. Durar göz qapaqları, Gözlər axar, süzülər. Əl göydən, göz tavandan, Ayaq yerdən üzülər, Baş yastığa gələndə.
Qaçaq düşər sevincin, Qol açarsan dərdə sən. Tanıyarsan ölümü, Alnındakı tərdə sən. Həmsöhbət olarsınız, Göydə Allah, yerdə sən, Baş yastığa gələndə.
Ağı deyən analar, Ağısını hazırlar. Fələk Əzrayıl adlı, Yağısını hazırlar. Möhür basan, qol çəkən, Kağızını hazırlar, Baş yastığa gələndə.
Mələklər qanadında Tanrı kəlamı gələr. Bəndənin hüzuruna Haqqın salamı gələr. Əcəlin vahiməsi, Ölümün tamı gələr, Baş yastığa gələndə.
2006, 9 avqust