Baş götürüb əlli beşə gedirəm
Axşam-axşam dönüb işdən gəlirəm, Səhər-səhər qalxıb işə gedirəm. Evdən getdi – kim qayıda, kim qala, Elə bil ki, son gedişə gedirəm.
Bir gəlmişəm, bir də qoymaz gəlim bir, Doğum birdi, yaşam birdi, ölüm bir. Son mənzilə, son məkana yolum bir, Dərdi edib canda peşə, gedirəm.
İnsan oğlu küsmədi nə, küsdü nə, Əvvəl-axır dərd vuracaq üstünə. Qəlb sındıran qocalığın üstünə Ürəyimi deşə-deşə gedirəm.
Yelli gündə pambığımız atılıb, Alan alıb, satılanlar satılıb. Cəhənnəmdə gur ocaqlar çatılıb, Ciyərimi taxıb şişə, gedirəm.
Qırx körpü var, qırx keçid var, qırx ada, Salam verdim otuza da, qırxa da. Bir də gördüm əlli qalıb arxada, Baş götürüb əlli beşə gedirəm.
2004, 18 avqust