Əsas məzmuna keç

Qoşma

Barışmaram

Zəlimxan Yaqub

2

“Barış” – deyib gülümsəmə mənə sarı, Mən başımı yaran daşla barışmaram! Tanımışam mənə dağlar çəkənləri, Him-cim ilə, göz-qaş ilə barışmaram!

Düşmən mənə zor göstərdi, zor elədi, Ocağımı kül elədi, qor elədi. Ağlamaqdan gözlərimi kor elədi, Yanağımdan axan yaşla barışmaram!

Dağım vardı, izim orda itər daha, Cığırlarda boz qanqallar bitər daha. Aldanmışam, aldandığım yetər daha, Qəlbi şikəst, ağlı çaşla barışmaram!

Zaman məndə bir amansız şərt bağladı, Cəllad oldu, bağlaşmanı sərt bağladı. Qollarımı qəm sarıdı, dərd bağladı, Sinəm üstdən keçən xışla barışmaram!

Zülmətləri işıq boğsa sevinərdim, Taleyimə günəş doğsa sevinərdim. Yerə yağsa, yurda yağsa sevinərdim, Qəlbimdəki qar-yağışla barışmaram!

İki yol var, bir zülmətdi, bir işıqdı, Yollar, izlər, əqidələr qarışıqdı. Hər savaşın sonu bir gün barışıqdı, Tarix boyu bu savaşla barışmaram!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.