Barat Vüsalla Zəlimxan Yaqubun deyişməsi
Barat Vüsal
Hayıf İsa bulağından, Zəlimxan, Cıdır düzü, Şuşa deyib ağlarsan! Qəbri indi viran olub Vaqifin, Topxanada meşə deyib, ağlarsan!..
Zəlimxan Yaqub
Allah mənə bir dərd verib, ay Barat, Səhər deyib, axşam deyib ağlaram. Qaranlıqdan aydınlığa çıxmağa “Yox mum” deyib, “yox şam” deyib, ağlaram!
Barat Vüsal
Öyür-öyür öyəmmirsən mərdini, Xəyanətkar, duyammırsan, birdimi. Adam tapıb deyəmmirsən dərdini, Göydə uçan quşa deyib, ağlarsan!
Zəlimxan Yaqub
Mən bu dərddən hara qaçım, qaçınım, Yox Tərtərim, yox Qarqarım, Xaçınım.
Quzu kimi mələr qalıb Laçınım, Kəlbəcəri aşam deyib, ağlaram!
Barat Vüsal
Tapılmasa yurd dərdinin dərmanı, Aparaydı Araz məni, Kür məni. Qarabağda balalayan erməni, Varmayaydı başa deyib, ağlarsan!
Zəlimxan Yaqub
Gül qovruldu, çəmən yandı, şeh itdi, Yer də, göy də harayıma şahiddi. Millət özü başdan-başa şəhiddi, Bəyim deyib, paşam deyib, ağlaram.
Barat Vüsal
Hər şəhidlə al-qanına bələndin, Əldən düşdün, nəfəs dərdin, dirəndin. De, səndəmi dil deməyi öyrəndin? Eyləmişəm peşə deyib, ağlarsan!
Zəlimxan Yaqub
Bir məndəki qismətə bax, baxta bax, Diri-diri qəbrim olub bu torpaq. Birdən-birə niyə keçdi bu ocaq, Niyə söndü bu şam deyib, ağlaram!
Barat Vüsal
Tökülür qan, sökülür can nətəri, İtərimi, Azərbaycan, itəri?! Bircə qarış torpağımdan ötəri Kim ölürsə, yaşa deyib, ağlarsan!
Zəlimxan Yaqub
Dünya məndən dərd istədi, yas umdu, Təbriz, Dərbənd matəmimdi, yasımdı. Məhşərədək bu dərd mənim bəsimdi, Ömrüm boyu Şuşam deyib, ağlaram!
Barat Vüsal
Demirəm ki, deyişməyin vaxtıdı, Deyirəm ki, döyüşməyin vaxtıdı, Canı yurda dəyişməyin vaxtıdı, Keçib sözdən işə, deyib ağlarsan!
Zəlimxan Yaqub
Vay o gündən sevinc susa, dərd dinə, Ha yalvarım, dinə gəlməz, dərd, dinə. Bu dünyanın dağlar boyda dərdinə Dərdlərimi qoşam deyib, ağlaram!
Barat Vüsal
Sağam, niyə mənə ölüm olmasın, Vətən getsə, qalan günüm olmasın. Mənim olan niyə mənim olmasın, Döymə, qardaş, döşə – deyib, ağlarsan!
Zəlimxan Yaqub
Kişi sındı, oğul öldü, ər itdi, Zaman daşı qum eylədi, əritdi. Göz yaşlarım neçə yaylıq çürütdü, Ömrə-günə heşən deyib, ağlaram!
Barat Vüsal
Tərpənəmmir kimsə varın əlindən, Bağım-barım keçir harın əlindən. Yurdu satan alçaqların əlindən, Haşa! Haşa! Haşa! – deyib ağlarsan!
Zəlimxan Yaqub
Düşmənimiz torpaq alıb, şadlanıb, Fil yıxılıb, haqqın dizi qatlanıb. Cəbrayılın kəhrizindən atlanıb Güləbirdə düşəm deyib, ağlaram!
Barat Vüsal
Sinəsində çalın-çarpaz dağ vardı, Vaqif ilə Vidadi də ağlardı. Gedən bizim torpaqlardı, dağlardı, Bayatını qoşa deyib, ağlarsan!
Zəlimxan Yaqub
Yaşamağı bacarmırsan, öl deyib, Dediyini tufan deyib, sel deyib. Dəlidağa, Taxtadüzə dil deyib, Cütüm deyib, qoşam deyib, ağlaram!
Barat Vüsal
Od ələyir yerdən tank, top, pulemyot, Havadansa neçə raket, samolyot. Şəmşirimin məzarına düşən od, Məzarıma düşə deyib, ağlarsan!
Zəlimxan Yaqub
Yaylaq olmaz, yamac olmaz, daş olmaz, Yurd-yuvasız keçən ömür xoş olmaz. Dirsəklənib söykənməyə döş olmaz, Səmtim deyib, guşəm deyib, ağlaram!
Barat Vüsal
İndi olum mən Vidadi, sən Vaqif, Ya da ki, ol sən Vidadi, mən Vaqif. Dərdin mənə can Vidadi, can Vaqif, Əsir gedən qələmqaşa ağlarsan!
Zəlimxan Yaqub
Göyüm yoxdu, şeh ələsin buludum, Dağım yoxdu, şirə çəkim, bal udum. Yad əllərdə baltalandı palıdım, Külə döndü meşəm deyib, ağlaram!
Barat Vüsal
Niyə durmur Qurbanımız, nə yatıb, Bir görəydik Koroğlumuz qayıdıb. Tufarqanda xan Abbası oyadıb, Haray çəkib Tikmədaşa, ağlarsan!
Zəlimxan Yaqub
Axşam qərib, gecə yazıq, dan qəmli, Könül küskün, ürək miskin, can qəmli. Seyid ağlar, Cabbar yetim, Xan qəmli, Hanı mənim nəşəm deyib, ağlaram!
Barat Vüsal
Bu davanın gizlənib sirr içində, Mini gorda, min biri tor içində. Qalıb söyüş, təhniz, təhqir içində Neçə məkan, guşə deyib, ağlarsan!
Zəlimxan Yaqub
Binələri alaçıqsız, çadırsız, Cıdır düzü kişnərtisiz, cıdırsız. Qarabağım Üzeyirsiz, Qədirsiz, Düşmən bağrı deşəm deyib, ağlaram!
Barat Vüsal
Çəkilənmi Zəngilanın azarı, Qubadlının, Kəlbəcərin qubarı. Naxçıvanın, Qazağın da qubarı Yaman döndü qışa deyib, ağlarsan!
Zəlimxan Yaqub
Qanlı fələk işimizi nəs tutub, Qara sazın tellərini pas tutub. Ağkilsədə Ələsgərə yas tutub, Kəsəməndə Qəşəm deyib, ağlaram!
Barat Vüsal
Nə xəbər var Gədəbəydən, Tovuzdan, Füzulidən, Ağdam, Tərtər, Kəhrizdən? Nə qalıbdı mənəm deyən Oğuzdan? “İç”ə deyib, “dış”a deyib, ağlarsan!
Zəlimxan Yaqub
Ağrılardan ilan kimi qıvrılam, Külə dönəm, küləklərə sovrulam, Torpaq üçün yanam, yanam, qovrulam, Öz odumda bişəm deyib, ağlaram!
Barat Vüsal
Laçın dedim, yenə gözün doldumu? Xocalısız yollarımız yoldumu? Allah, ağlar görənəcən xalqımı, Çəkiləydim şişə deyib, ağlarsan!
Zəlimxan Yaqub
Heç bilmədim dəydi nədən qəlbimə, Çox daş atdı gəlib-gedən qəlbimə. Parça-parça, zədən-zədən qəlbimə Pul-pul olmuş şüşəm deyib, ağlaram!
Barat Vüsal
Sən ağlama, düşmənimiz ağlasın, Deyirsən ki, yaxşı gəlir avazın. Tanrı bizi daş olmaqdan saxlasın, Dönəmmirəm daşa deyib, ağlarsan!
Zəlimxan Yaqub
Səs tək əldən necə çıxsın, tək ələm, Daşıdığım yük matəmdi, yük ələm. Qorxuram ki, dərdi yeyəm, kökələm, Dərd içində şişəm deyib, ağlaram!
Barat Vüsal
Bu şeirimin cavabını yazan vaxt, Yazarsan ki, bu da tale, bu da baxt! Ağlayanda səhv etmə ha, ay Barat, Zəlimxana oxşa deyib, ağlarsan!
Zəlimxan Yaqub
Dost unutdu, düşmən döydü, yar atdı, Tanrı bizi qəm çəkməyə yaratdı. Ağlar qalan Zəlimxanla Baratdı, Ağlamağa peşəm deyib, ağlaram!
1 Turan – Cavid Əfəndinin qızı Barat Vüsalın şeiri 1993-cü il mart ayının 22-də, Zəlimxanın cavabı 2001-ci il mart ayının 31-də yazılmış, sonradan deyişmə halına salınmışdır.