Əsas məzmuna keç

Heca şeiri

Ballı bulaq

Zəlimxan Yaqub

1

Günəşli bir gündə, bahar çağında, Mən də qonaq oldum Ballı bulağa. Lökün dərəsində, çay qırağında, Axır gözlərindən nur yağa-yağa.

Ruhuna sərinlik verir hər kəsin, Başının üstündə cüt moruq tikən. Ləkəsiz ürəyi bizdən küsməsin, Onun təsvirini verək vaxt ikən.

Haça ağcaqayın qanad gərərək, Otuna, suyuna kölgə salıbdı. Belə mənzərədən doyarmı ürək?! Yolçular bu yerdən ləzzət alıbdı.

Duyub ləzzətini, duyub dadını, Ovçular gözündən içib doyublar. Suyun bal kimidi, sənin adını, Bəlkə, ona görə Ballı qoyublar.

Hər səhər, hər axşam, yayda, payızda, Suyundan içməyə qonaqlar gəlir. Çimir sularında oğlan da, qız da, Axır dəstə-dəstə uşaqlar gəlir.

Üst yanın qüzeydi, alt yanın dərə, Hüsnünə heyrandı hər gəlib-gedən. Qonağın olmuşam bir neçə kərə, Adi daşıyın da vurğunuyam mən.

Nazlana-nazlana çağla, cilvələn, Hüsnün, gözəlliyin daim var olsun. Gedirəm eşqinə nəğmə deyim mən, Sənə də bu şeirim yadigar olsun.

1968, 21 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.