Balamın
Axşam-sabah dolanıram başına, Bu bələkli, bu qundaqlı balamın. Nuru yağır taleyimə, qəlbimə, Pambıq əlli, süd dodaqlı balamın.
Anasının əzəlidi, ilkidi, Varı, yoxu, dövlətidi, mülküdü. Tay-tuşları ayı, dovşan, tülküdü, Dörd bir yanı oyuncaqlı balamın.
Hər baxışı bir mətləbə yozuram, Mənaları ürəyimə yazıram. Nə buyursa, qulluğunda hazıram, Hər istəyi doğru, haqlı balamın.