Bakıdan gəlmişəm, Şəhriyar babam
Üzünü heç zaman görəmmədiyin, Bircə çiçəyini dərəmmədiyin, Qoşa qapısından girəmmədiyin, Bakıdan gəlmişəm, Şəhriyar babam!
İllərlə qovrula-qovrula qaldın, Aylarla qıvrıla-qıvrıla qaldın, Günlərlə sovrula-sovrula qaldın, Bakının üzünü görə bilmədin, Bakıdan gəlmişəm, Şəhriyar babam!
Kəlbəcər ətirli, Göyçə diləkli, Naxçıvan qeyrətli, Gəncə ürəkli, Borçalı ətirli, Xəzər havalı, Qarabağ nisgilli, Şuşa davalı, Bakıdan gəlmişəm, Şəhriyar babam!
Özümüz çatmadıq səs çatan yerə, Nur gələn, Ay doğan, Gün batan yerə. Bu gün baş qoymuşam sən yatan yerə, Bakıdan gəlmişəm, Şəhriyar babam!
Vurğun məzarıyam, Sabir qəbriyəm, Cavid dözümüyəm, Cavad səbriyəm. Ana ağısıyam, şəhid qanıyam, Ağrılı fikirlər burulğanıyam!
Bizim başımızı yaman qatdılar, Bizi zaman-zaman çox aldatdılar. Vaxtında hayına çata bilmədik, Toyuna, vayına çata bilmədik. Əzrayıl yollarda gecikəydi kaş, Səni əlimizdən aparmayaydı! Şəhriyar ölümü Azərbaycanın, Başında tufanlar qoparmayaydı! Bakıdan gəlmişəm, Şəhriyar babam!
Gecikən gəlişin gedişi ağır, Üzdən dərd tökülür, gözdən qəm yağır. Ayıran zalımdı, ayrılan fağır, Bakıdan gəlmişəm, Şəhriyar babam!
Sevinclə gəlmişdim bura gələndə, Gedirəm, özümlə dərd aparıram. İçərim doludu ağrı-acıyla, Baxma ki, özümü mərd aparıram. Ay ustad, belə də ölüm olarmı? Ay ustad, belə də zülüm olarmı? Min yol torpağından öpmək yerinə, Bircə yol üzündən öpə biləydim! Qəbrinə göz yaşı səpmək yerinə, Başına gül-çiçək səpə biləydim! Bax onda deyərdim indi mən mənəm! Bütün ölümlərə meydan oxuyub, Bütün ölüləri dirildən mənəm! Gör bir nə gündəyəm, bu görüşə də, Şükür söyləyirəm, şükür deyirəm. Açır qanadını görüş dəmləri, Həsrət dizlərini bükür, deyirəm. Bakıdan gəlmişəm, Şəhriyar babam!
Dərin dərələrə torpaq doldurub, Qayalı dağları düz eləmişəm. Tikanlı məftillər əritmək üçün, İsti nəfəsimi köz eləmişəm. Tilsimlər sındırıb, qıfıllar açıb, Polad dirəkləri mum eləmişəm. Yolumda dikələn daşları belə, Əzib tikə-tikə qum eləmişəm. Qəzəbim yığılıb yumruqlarıma, Dilimi dişimə sıxıb gəlmişəm. Min ilə bərabər yüz səksən illik, Bir həsrət dağını yıxıb gəlmişəm. Bakıdan gəlmişəm, Şəhriyar babam!
Ağsaçlı Şəhriyar qulluğundadı, Saçları qapqara şəvə Zəlimxan! Bu gün səcdədir, ziyarətdədir, Baba Şəhriyarı nəvə Zəlimxan! Bakıdan gəlmişəm, Şəhriyar babam! Bakıya gedirəm, Şəhriyar babam!!!
Təbriz, 1992, avqust