Əsas məzmuna keç

Qəsidə

BAKI ŞAİRLƏRİNİN TƏRİFLƏRİ

Seyid Əzim Şirvani

2

Şirvanə Bakıdan yenə çox töhfələr gəlir, San Misr karvanı açılmış, şəkər gəlir. Nazil olubdu ayeyi-rəhmət Şəmaxiyə, Tulani şükrlər eləsin, müxtəsər gəlir. Əşari-ruhbəxşdi, ya möcüzi Məsih, Əzmi-rəmim zində olub tazətər gəlir. Abi-bəqayə yetməyimiz oldu aşikar, Zülmati-qəmdə Xızr bizə rahbər gəlir. Yəqubə yetdi pirəhəni-Yusifi-əziz, Çeşmi-ümidvarə ziyayi-digər gəlir. Oldu bahar fəsli, açıldı şükufələr, Nəxli-ümidə, şükr ki, ey dil, səmər gəlir! Cürmi edibdi cürmümüzü əfv zahirən, Ol bəhrdən bu sahilə dürrü gühər gəlir. Səd şükr, əfv olubdu, könül, cürmi-maməza, Lütf aləminə ol şəhi-xurşid-fər gəlir. Etmiş o şəh qəzali-Xütən seydinə həvəs, Şerindən indi rayiheyi-müşki-tər gəlir. Salik nə silk şəxsdi zahir deyil bizə, Amma vücudi bizlərə əhli-hünər gəlir. Şerində dərc olubdu məaniyi-bişümar, Mudən lətif nüktəsi bariktər gəlir. Şirayi-şeri nur veribdir Münirinin, Çərx üzrə müştəri ona şəmsü qəmər gəlir. Təbi-Müniri şəmsü qəmərdən münirdir, Baxdıqca şerinə gözə nuri-bəsər gəlir. Aşiq olubdu nəzmi-Sürəyyayə Fərqədan, Kəmtər sərayə bir bu sifət tacvər gəlir. Pərvin-misal nəzmi-Sürəyyadə lütf çox, Ol əxtəri-münirə Süha bisipər gəlir. Şirayi-şamdır, ona kəlbül-Cəbar mən, Bir üstüxani-lütf ilə ol şah əgər gəlir. Dilxun təxəllüsündə bu rəmz oldu aşikar: Aşiqdi, çeşmdən üzə xuni-cigər gəlir. Qan eyləyibdi könlünü bir lalə üzlü yar – Kim, sinəsində dağləri sərbəsər gəlir. Mirzə Müsəvvirin qələmi-müşkbarına Çindir, desəm midadi-siyəh müşki-tər gəlir. Hər nəqşi-kilki Maniyi-nəqqaşi məhv edib, Ayineyi-xəyalinə rəngin süvər gəlir. Müştaqın iştiyaqı edib zar könlümü, Bilməm nə gün Şəmaxiyə ol xoşsiyər gəlir? Müddətdi Badkubəni ol məskən eyləyib, Nə bir pəyami-qasidi, nə bir xəbər gəlir. Ey bivəfa, nədəndi bizi yad etməsən, Göndər dua o vəqt ki, badi-səhər gəlir. Tab etmədin cəfalərə qaçdın Şəmaxidən, Meydani-eşqdir, buna sahib-cigər gəlir. Verdin məni bu kafər olan bütlərə əsir, Bir bilmədin ki, başıma axır nələr gəlir. Qəm çəkmək oldu sən gedəni karü barımız, Sənsiz bəlalı başımıza yüz xətər gəlir. Bir səngdil nigarə giriftar olmuşam, Nə suzi-şəb, nə ahi-səhər kargər gəlir. Yadi-rüxilə çeşmimə aləm gəlir behişt, Zikri-ləbilə ağzıma təmi-şəkər gəlir. Çəksəm bəyanə surəti-hali-nizarımı, Ayineyi-xəyalüvə qəmdən kədər gəlir. Qoy söz açılmasın, qəmi biganə bilməsin, Hərçənd dağ xaməyə, cövlanə pər gəlir. Məndən deyin Müsəvvirə Şirvanə gəlməsin, Sərmayeyi-kəmalına gəlsə, zərər gəlir. Qırxıb Şəmaxidən yola sallıq pəraqtək, Gər cəngi-Qafilə o səgi-kuzəgər gəlir. Bunlar zərafət idi ki, oldu Müsəvvirə, Çün təyyibat əhli-dilə niktər gəlir. Gəlsə bahar fəsli Müsəvvir Şəmaxiyə, Billah, baharın üstə bahari-digər gəlir. Bir yerdə kim, Müsəvvirə Seyyid qulam ola, Sairləri cənabına bir xaki-dər gəlir.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.