Əsas məzmuna keç

Heca şeiri

Bakı haqqında düşüncələr

Zəlimxan Yaqub

1

Bu şəhərdə dünya qəmi gəlmir eynimə, Könlüm elə fərəhlənib, gülmək istəyir. Bir nəğməkar dövlət quşu qonur çiynimə, Bu şəhərin nəğməsini demək istəyir!

Qız qalası dodağımdan düşməz sözümdü, Eşqi böyük, adı əziz, şöhrəti baha. Qoşa qala qapıları iki gözümdü, Dünənimdən boylanıram gələn sabaha!

Bəlkə elə “şəhər olmaz qalasız” deyən – Bir ananın laylasından yaranıb Bakı!? Sübh yelitək xoş xəbərlə qapımı döyən Azadlığın havasından yaranıb Bakı!

Dünya özü gözəl bilir müqəddəs şəhər, Əzəl gündən işıqlıdır eşqin, niyyətin. Ulduzların sayı qədər, hesabı qədər, Gözlərinə nur vermisən bəşəriyyətin!

Boğazımdan yapışanda cəlladın əli, Zülmətləri nur içinə boğan sən oldun! Qurd ürəkli, şir biləkli, pələng pəncəli Mehdi kimi oğulları doğan sən oldun!

Atdığı daş öz nəslinin başını əzdi, Səni əzmək istəsə də, əzə bilmədi. Alçaqların fikri gəzdi, xəyalı gəzdi, Özü gəlib bu yerlərdə gəzə bilmədi.

Oğulların dodağında Bakı söhbəti, Yer üzünü qarış-qarış gəzər yorulmaz. Əziz saxlar ürəyində bu məhəbbəti, Nəğməsini oxumaqdan Xəzər yorulmaz!

Qonaq qardaş, bir heykəl var, önündə dayan, Yaxşı düşün hər sualı, sorğunu burda. Yerə vurğun, yurda bağlı, ellərə həyan, Özün dinlə Bakı haqda Vurğunu burda!

O “Bakının dastanı”nı varaqlayanda, Gör nə yazıb, nə düşünüb, nələr deyəcək. Bu yerlərin tarixini soraqlayanda Neçə ilin əvvəlindən xəbər deyəcək.

Bülbül qonub budaq üstə ötəndə dil-dil, Söhbətindən biləcəksən haradır Bakı! Divarları adi daşdan, kərpicdən deyil, Sarayları məhəbbətdən yaradır Bakı!

Yaz mehiylə sığallanar bağçası, bağı, Bu şəhərdə ömrümüzün bahar çağı var. Ataların oğul kimi cavanlaşmağı, Oğulların Qoşqar boyda ucalmağı var!

Olanda da Bakı kimi şəhərin ola, Sahilə bax, elə bil ki, ay parasıdır. Dağlar boyda dərdin ola, kədərin ola, Bu dalğalar, bu küləklər aparasıdır!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.