Bakı
Ovcumun içitək xatırlayıram, İlk dəfə Bakıya gəldiyim günü! Ömrümün ən əziz vaxtı sayıram, Ogünkü heyrətin böyüklüyünü.
Ana qucağından ayrılsam da mən, Ən isti, ən geniş qucağa gəldim. Qaldı öz yerində o çöl, o çəmən, O çağdan ayrılıb bu çağa gəldim.
İlk dəfə görürdüm həyatımda mən, İşığın bu qədər bol olduğunu. İlk dəfə görürdüm bircə ürəkdən, Bütün ürəklərə yol olduğunu.
Köksümə sıxanda torpağı, daşı, Uşaq sevinciylə aşıb-daşırdım. Fikrin qanadında hər addımbaşı Uca zirvələrlə qucaqlaşırdım.
Qoyuldu bir eşqin özülü, himi, Sən mənim küləklər şəhərim oldun. Böyüdüm, bəslədin öz balan kimi, Arzular, diləklər şəhərim oldun.
Qaynadı qəlbimin istəyi, kamı, Ürəklər öz evim-eşiyim oldu. Yatanda dalğalar çaldı laylamı, Xəzərin qucağı beşiyim oldu. Parlaq ulduzları döşümə taxdım, Aldım qüvvətimi nurdan, işıqdan. Bir gündə yüz dəfə hüsnünə baxdım, Gözlərim doymadı bu yaraşıqdan.
Anatək qəlbimi duydun sən mənim, Bu hörmət önündə başımı əydim. On ildir qayğımı çəkirsən mənim, Onca gün qayğını çəkə biləydim.
Yaşım az olsa da, demə uşaqdır, Mənə əzizlərdən əzizsən, Bakı. Kəndimiz könlümdə qaynar bulaqdır, Sən sonu görünməz dənizsən, Bakı.
1977, 19 aprel