Əsas məzmuna keç

Məsnəvi

BAHARİYYƏ

Seyid Əzim Şirvani

4

Dəmi ki etmiş idi dərdü qüssə könlümü xun, Məlalü möhnətimi eyləmişdi çərx füzun, Nə bir rəfiq ki bu qəmdə qəmküsarım ola. Ənisi-xatiri-qəmdidəvü fikarım ola, Gözüm piyaləsi məmlüvv əşki-həsrət ilə. Keçib məlalilən əyyam min kədurət ilə. Könüldə yüz qəmü möhnət, nə taqəti-təqrir, Nə dərdü qüssəyə çarə, nə möhnətə tədbir – Ki, bir rəfiqi-vəfaşivəvü kərəmkirdar, Təriqi-lütf ilə dildarlıq qılıb izhar. Dedi ki, ey bu cahanda səramədi-üşşaq, Hərifi-məclisi-rindan, rəfiqi-xoşəxlaq, Zəmanə əhli səni əhli-dil edəllə hesab, Həmişə maili-eyşü nişat, çəngü rübab. Bəiddir ki, məqamın ola bu guşeyi-qəm, Məlalü möhnət ilə yar, dərd ilə həmdəm. Əcəb bu qəflətə səndən, bu guşeyi-pünhan, Ələlxüsus ki, fəsli-bəhardır bu zaman. Edib nəsimi-səba kuhü dəşti müşkamiz, Tutubdu səhni-gülüstanı səbzeyi-novxiz. Füruği-çöhreyi-gül səhni-bağə nur salıb, Nəvayi-bülbülü qümri cahanə şur salıb. Behişt səfihəsitək səhni-bağ xürrəmdir, Bənəfşə – susənə, nəsrinə – lalə həmdəmdir. Sədayi-kəbki-xüramanü naleyi-dürrac, Qərarü səbrini eşq əhlinin edib tarac. Ayəğə dur ki, edək bir zaman səyahəti-bağ – Ki, bəlkə, nəfheyi-güldən edək əlaci-dimağ. Məni-şikəstəkönül, dərdü qüssədən əfkar, Bu qissəni eşidib laəlacü həm naçar. Səyahət əzmi ilə üz qoyüb gülüstanə, Bəli bir əldə sürahi, bir əldə peymanə. Fəzayi-gülşəni gördüm əcəb dilaradır, Həvayi-bağ fərəhbəxşü rahətəfzadır. Behişt əlaməti gülzardən büruz etmiş, Şükufə xələti-əşcarı nüqrəduz etmiş. Görüb bu növ ilə gülzarı xürrəmü şadab, Xitab saqiyə qıldım ki, bir qədəh meyi-nab! Edib piyaləni ləbriz söylədi saqi – Ki, yoxdu zəhri-qəmin bundan özgə tiryaki. Əzəl piyalə ki əvvəl qədəmdə nuş etdim, Nəvayi-faxtədən bu sədanı guş etdim – Ki, ey şəvahidi-gülzar, sakinani-çəmən, Edən bu rövzeyi-cənnətmisal içində vətən. Bilin ki, xosrovi-gülgunqəbayi-xitteyi-bağ Sizə bu növ ilə hökm etdi, ta edəm iblağ – Ki, ta qüdumi-bəhar ilə bağdır xürrəm, Büsati-işarətidən xali olmayın bir dəm. Büsati-işrəti çəksinlə tərfi-gülzarə, Kimisi dairə götsün, kimisi nəqqarə. Bənəfşə zülfünə badi-səba yetirsin tab – Ki, tutsun aləmi yeksər şəmimi-ənbəri-nab. Qəbayi-lalə bu mövsümdə ləlfam olsun, Bəşərti-inki əlində müdam cam olsun. Gərək bu bəzmə verə əndəlib sövti rəvac – Ki, hüsni-sövtə bu fərxəndə bəzmdir möhtac. Kənari-cuydə sərvi-səhi məqam etsin, Vəli gəlib-gedənə yaxşı ehtiram etsin. Səyahət etməyə gülzarə hər kəs etsə xüram. İcazə verməyə şimşadə eyləsin iqdam. Bisati-səbzəni ta bir kəs etməyə pamal, Əlində xəncər ona susən etsin istiqbal. Yetirdi çün bu pəyamı o mürği-xoşəlhan, Gəlib nəşatə gülü lalə, sünbülü reyhan. Məni-füsürdə bu halı görüb, gəlib halə, Dedim: – Səbəb nədi, saqi, bu qədr ehmalə? Edib piyaləni ləbriz ol nikuməslək, Tutub bərabərimə söylədi: «Həni ən lək» İkinci camı ki, nuş eylədim məni-məcnun, Edib xümarımı əvvəlki camdən əfzun, Zəmanə dərdü məlalından etdi könlümü pak, Gətirdi şurə məni, baş açıq, giriban çak. Dedim ki, bir dolanım canibi-gülüstanı, Tapım qərargəhi-bülbüli-xoşəlhanı – Ki, həm nəvası ilə bir zaman olum dilşad, Qüdumi-güldən edim həm ona mübarəkbad – Ki, var onun da mənimtək başında sevdası, Çəkib fəraq ələmin, vəsldir təmənnası. Könül bu fikirdə, gəz maili-nəzareyi-bağ, Fəzayi-gülşəni seyr etməyə götürdüm ayaq – Ki, bir pərivəşə çeşmim sataşdı, gözləri məst, Gəlib xüramə ki, ta sərvi-nazı eyləyə pəst. Fəriştə xuyü firəngi-xisalü kafərkiş, Xədəngi-qəmzəsi hazır könüllər etməyə riş. Tökübdü tərfi-binaguşə türreyi-müşkin, Salıbdı çöhreyi-xurşidə müşki-tərdən çin. Kəməndi-zülfünə təhriki-şanə vermiş tab, Mərizi-eşqə ləbi-ləli şərbəti-innab. Çəkibdi lövhi-cəbinində dəsti-qüdrəti-həqq, İki hilal, vəli, müşkdən verib rövnəq. Olub mənimlə müqabil o dilbəri-tənnaz, Təriqi-tənz ilə dürci-əqiqin eylədi baz – Ki, «mərhəba ləkə», ey şairi-bədii-kəlam, Sənə səyahəti-gülşən mübarək ola müdam! Məgər gətirdi səni təngə eşq sevdası – Ki, oldu seyri-çəmən xatirin təmənnası? Dedim ki, ey məni rüsvayi-xəlq edən dildar, Büti-Məsihtəkəllüm, nigari-xoşgöftar, Xədəngi-qəmzən edib, bəs deyilmi könlümü riş, Dəxi bu söz nə rəva zəxmim üzrə vurmaq niş? Həmişə istərəm olsun qəmin könüldə füzun, Məlalü möhnətü eşqinlə bağrım olsun xun. Kəməndi-həlqeyi-zülfünlə gərdənim ola bənd, Neçin ki layiqi-divanədir həmişə kəmənd. Vəli həvayi-çəmən kuyüvün nişanəsidir, Camali-laləvü gül ruyüvün nişanəsidir. Edəllə bir-birə lafi şəvahidi-gülzar, Bizimlə həmdəm olan istəməz bir özgə nigar. Gəlib itabə bu sözdən o mahi-müşkniqab, Məni-şikəstəyə bu nəhv ilə yetirdi cavab: Mənim ki hüsnü cəmalım salıbdı aləmə şur, Cəmalü surətinə, söylə kim olub məğrur? Dedim ki, qəddin ilə sərvi-naz eylər laf, Dedi: – Güman budu, qəddim görə, verər insaf. Dedim: – Bənəfşə edər laf o zülfdən izhar, Dedi: – Əbəs döyü başı aşağı, xicləti var. Dedim: – Durubdu üzün qarşısında laleyi-al, Dedi: – Onu da edər şərmsar üzümdəki xal. Dedim: – Gözünlədi həmçeşm nərgisi-məxmur, Dedi ki, gözlərimi görsə gözləri olu kur. Dedim: – Dəhanuva bəs qönçənin nə nisbəti var? Dedi: – Dəhanıma bənzər və leyk yox göftar. Dedim: – Ləbinlədi gül-bərgi-tər mübahisəsi, Dedi: – Xəzanın ona tez yetər həvadisəsi. Dedim: – Qaşınla müqabil durub fələkdə hilal, Dedi ki. çərxə qaşımdan düşüb bu türfə misal. Dedim: – Üzünlə bərabər tutar özün məhi-tam, Dedi: – Edən onu sərgəştə bu həvəsdi müdam. Dedim ki, ləlüvə bənzər əqiqi-rümmani, Dedi: – Bəli, əgər etsəydi xəndə pünhani. Mənim ki hüsni-cəmalımda əqldir heyran, Səbəb budur ki, mənəm bəndeyi-şəhi-imkan. Dəxildir bu şəhə Seyyidi-ələmpərvər, Cəza günündə onu qoyma zar, ey sərvər. Şəhi-səriri-xilafət, əmiri-hadiyi-rah, Əmiri-ənfüsi-afaq Əli vəliyullah. Vəsiyyi-mütləqi-xeyrulbəşər, imami-mübin Müini-məzhəbü millət, şəhi-Qiyasəddin.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.