Əsas məzmuna keç

Qoşma

Baharın gəlişi

Zəlimxan Yaqub

1

Yenə təbiətin gəlhagəlidi, Torpağın tükənməz sərvətinə bax! Arının çiçəklə öpüşməsinə, Bülbülün budaqla söhbətinə bax!

Açılıb dağların çatılan qaşı, Sevincdən süzülür gözünün yaşı. Toxum dimdiyində qaldırır daşı, Darının dağ boyda qüvvətinə bax!

Allah vergisidir hər gül, hər çiçək, Öpür şeh damlası, oynadır külək. Baxırsan, qızarır qız yanağıtək, Gülün həyasına, ismətinə bax!

İsinir qayanın, daşın nəfəsi, Geriyə çəkilir qışın nəfəsi. Çör-çöpə can verir qışın nəfəsi, Leylək yuvasının hikmətinə bax!

Can verir ovçuya, qan verir ova, Tərpənir yaz yeli, durulur hava. Gör necə bərkiyib qurduğu yuva, Quşun dimdiyində kəlbətinə bax!

Əlləşər, can verər xəstə nar üçün, Zirvə qar üçündü, bağça bar üçün. Nə qədər yol gəlib bir bahar üçün, Qaranquş ömrünün həsrətinə bax!

Yerin sirdaşıdır, göyün həyanı, Torpaqdan götürür gücü, mayanı. Palıdın kökləri yarır qayanı, Yaşamaq eşqinin qüdrətinə bax!

Yerlə pıçıldaşır, göylə danışır, Sazla söhbət edir, neylə danışır. Nələri dindirir, nəylə danışır, Sən bir Zəlimxanın qismətinə bax!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.