Əsas məzmuna keç

Qoşma

Bağışlamaz

Zəlimxan Yaqub

2

Ayrı saldıq öz kökündən, gövdəsindən, Sınan budaq daha bizi bağışlamaz. Əsən mehlə, qonan şehlə öpüşməmiş Solan yarpaq daha bizi bağışlamaz.

Budaqlar yox, qıran qollar sınaydı kaş, Həlim idik, zalımlaşdıq yavaş-yavaş. Coşan kimi daş tıxadıq, gözünə daş, Susan bulaq daha bizi bağışlamaz.

Zirvələrə baxan çoxdu, çıxan azdı, Sərt yollarda kimi çaşdı, kimi azdı. Kirli əllər ağ kağızda böhtan yazdı, Qələm, varaq daha bizi bağışlamaz.

Aman, könül, yaxın qoyma daha yadı, İki qardaş öz xoşuna ayrılmadı. Qılıncımız məqamında sıyrılmadı, Paslı yaraq daha bizi bağışlamaz.

Tufan gəldi, sinəmizi gərəmmədik, Ağac əkdik, meyvəsini dərəmmədik. Ata olduq, səhvimizi görəmmədik, Oğul-uşaq daha bizi bağışlamaz.

Bu torpağın altı getdi, üstü getdi, Yox eylədik, sərvət bizdən küsdü getdi. Yuvamızdan od dağıldı, isti getdi, Küsən ocaq daha bizi bağışlamaz! Ana torpaq daha bizi bağışlamaz!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.