Əsas məzmuna keç

Qəsidə

Bağ lövhinə xəzan bərgi zərəfşan eylər

Məhəmməd Füzuli

1

Bağ lövhinə xəzan bərgi zərəfşan eylər, Ab ol lövhdə məşqi-xəti-reyhan eylər.

Ey könül, gəldi bahar, eylə çəmən seyranın, Gör ki, hala nə əməl amili-dövran eylər.

Yenə piri-fələk ətfali-rəyahini yığıb, Feyzi-tə’lim ilə bustanı dəbistan eylər.

Su ayağını kəsib bihudə gəzməklərdən, Səbzəyi həmsəbəqi-dərsi-gülüstan eylər.

Qönçəyi mətni-mətaledə edib üqdəgüşa, Laləni şərhi-təvaledə səbəqxan eylər.

Sünbüli elmi-ilahidə qılıb muyşikaf, Susəni bəhsi-riyazidə süxəndan eylər.

Dərsi-məntiq oxur ikən dililən mürği-səhər Dutulub, oxuduğu gülləri xəndan eylər.

Bülbülü hər neçə kim hafizi-xoşləhceyi-ab Ögrədib hüsni-əda, qare’i-Qur’an eylər,

Gör nəzakət ki, gəlib sübh sühüfxani ona Eybi-təqrir qılıb tə’neyi-əlhan eylər,

Fəsl keyfiyyəti-qanuni-tib etmiş hasil, Bəhsi-təşxisi-mərəz, də’viyi-dərman eylər.

Şərbəti-badə ilən çox sınadım, xəstələrə Eylər onu ki, nə Boqratü nə Loğman eylər.

Bilməzəm sehrmi, mö’cüzmü nəsimin işi kim, Hərəkati xirədi-xiyrəni heyran eylər.

Hər mizacə ki, dilər öylə qılırmədxəl kim, Onu idrak nə ərvahü nə əbdan eylər.

Həbbəza dəhr ki, peyvəstə səhabi-feyzin Baisi-tərbiyəti-bağü biyaban eylər.

Qönçənin görsə açar rişteyi-təb’ində gireh, Bülbülün bilsə işin, müşkülün asan eylər.

Intizar ilə daşı lə’l qılub rəng verür, Ruzigar ilə suyu lö’löi-qəltan eylər.

Qətrəyi müddət ilən müttəsili-bəhr qılır, Zərrəyi vasili-xurşidi-dirəxşan eylər.

Leyk qayətdə təəccüb qılıram ki, nə üçün Məni-məhrümi həmin xəsteyi-hirman eylər.

Qeyrə ehsani çoxü lütfi yüküş, leyk mənə Sitəmi vafirü bidadi firavan eylər.

Kaş bağrımı qəza su edə göz yaşı üçün Çeşmətək, durmuyuban çün məni giryan eylər.

Kaş cismimi fələk daş edə, bidadə dözəm, Mə’dəni-lə’l kimi çün cigərim qan eylər.

Yer yüzündün götürülməkdə gümanım dəxi yox, Belə kim, tən çürüyüb, göz yaşı tüğyan eylər.

Bixəbərlər biləməz əşki-rəvanım əsərin, Gərçi tənbihinə dil naləvü əfqan eylər.

Əhli-tüğyanə əsər eyləyəməz giryeyi-Nuh, Gərçi hərdəm oları vaqifi-tufan eylər.

Ey fələk, bu nə rəvadır ki, sipahi-sitəmin Dili-mə’murimi yəğma ilə viran eylər.

Bir deməzsənmi ki, nagəh sitəmindən bu fəqir Qaziyi-əskərə şərhi-qəmi-pünhan eylər.

Ol qəzahökm ki, çərx etsə xilafi-rəhi-şər’ Qıldığından onu zəcr ilə peşiman eylər.

Ol qədər namə ki, muri-xətinin məzmuni Nəyə kim zahir olur, hökmi-Süleyman eylər.

Ərştəmkinü fələkmərtəbə Qadir Çələbi Ki, fələk tabe’idir hər nəyə fərman eylər.

Çərx bir tiğ çəkibdir yeni aydan ki, müdam Kimi gördüysə müxalif, ona qurban eylər.

Min ilin bərhəmənin möv’izeyi-mə’rifəti Qabili-din qılır, qaili-iyman eylər.

Ərzi-iyman bütə gər qılsa dəmi-canbəxşi, Can verib mö’ciz ilən ani müsəlman eylər.

Ləfzi-canpərvər ilən rəşheyi-kilki hünərin Nə dəmi-Isivü nə çeşmeyi-heyvan eylər.

Ey vərə’pişə ki, daim qədəmi-sabitini Rəsmi-islamə qəza qaimi-ərkan eylər.

Rayizi-tündrəvü təb’i-lətifin dünü gün Tövsəni-fikrətilən çərxdə cövlan eylər.

Meyl edər xidmətinə dövləti-tövfiq tapıb Kim ki, həqdən tələbi-rütbeyi-irfan eylər.

Sən məqam etmədigin mə’bədə abidərdən Kim ki, mə’vayi-məlayik desə, böhtan eylər.

Salmasa səbhə özün daireyi-məclisinə, Rişteyi-əqdin üzüb çərx pərişan eylər.

Sənə gər durmasa bir ləhzə müqabil mehrab, Başını daşə urub çaki-giriban eylər.

Səndən ayrılsa, müsəllayi ayaqlarə salub Zə’fi-tale qara topraq ilə yeksan eylər.

Hər siyəhdil ki, qomaz baş xətinə xaməsifət, Qara cahildir əgər də’viyi-irfan eylər.

Gərçi sultanədir islam qiyami mənsub, Sənə mənsubdur ol sə’y ki, sultan eylər.

Sərvəra, bəndə Füzulini kəmanqəd gərdun Müttəsil dərdü bəla oxuna qalxan eylər.

Eşidib tə’neyi-dəmsərdləri hər dəm kim, Şəm’tək şərhi-qəmi-külbeyi-əhzan eylər,

Öylə kim, fəhm edübəm hali-dilin sənsənü bəs Sən əgər qılmaz isən, ona kim ehsan eylər?

* * *

Lüğət: Bərgi – səmən – yasəmən yarpağı; Zərəfşan – qızıl tökən; Əməl – arzu; iş; Rəyahin – reyhanlar, çiçəklər; Dəbistan – məktəb; Səbəqxan – şagird; Süxən – söz; Mürğ – quş; Xəndan – gülən; açılmış; Hüsni – göftar – söz gözəlliyi X; Badə – şərab; Nəsimi – gülriz – gülləri tökən səhər küləyi; Xirəd – ağıl; Ərvah – ruhlar; Əbdan – bədənlər; Dəhr – zaman, dünya, aləm; Peyvəstə – arası kəsilmədən; Təb – qızdırma; Gireh – düyüm; Bəhr – dəniz; əruz vəznində şeir ölçüsü; Hirman – məhrumiyyət; Sitəm – zülm – əziyyət; Giryan – ağlar; Dəni – alçaq; Rəvan – gedən; axan; ruh; Dil – ürək; Əhli – raz – sirr əhli, sirdaş; Vaqif – xəbərdar; Sipah – qoşun; Dili – tirə – qaranlıq könül, tutqun könül; Pünhan – gizli; Xilafi – müddəa – istəyin əksi; Zəcr – əziyyət, məcburiyyət; Namə – məktub; Tiğ – qılınc; Qabil – qabiliyyətli, ağıllı; Dəmi – sərd – soyuq ah; Canbəxş – ruh oxşayan; Can – ruh, bədən; Canpərvər – ruh oxşayan; Kilki – təqdir – qəzanın qələmi; Çeşmeyi – həyat – dirilik bulağı, həyat bulağı, abi-həyat; Pişə – peşə; Qaim – möhkəm, daimi; Çaki – giriban – yaxanı parçalamaq; Giriban – yaxa; Sərvər – başçı; Bəndə – qul, kölə; Gərdun – dönən; fələk; dünya; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Külbeyi – əhzan – kədər evi. Yəqubun Yusif həsrətində dörd yol ayrıcında yaşadığı koma

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.