Əsas məzmuna keç

Qoşma

Bacarmalısan

Zəlimxan Yaqub

1

Sonatək boylanıb, gözəltək baxıb, Gəlintək gəzməyi bacarmalısan. Uçub əlimizdən gedən illəri, Nizama düzməyi bacarmalısan.

Düz dərəyə dönsə, dərə düz olsa, Coşan dalğaların sayı yüz olsa, Ayrılıq sahilsiz bir dəniz olsa, Qol atıb üzməyi bacarmalısan.

Qoy zaya getməsin çəkdiyin əmək, Dostum min olsa da, səndədir kömək. Nə lazım hər sözü dil açıb demək, Baxışdan sezməyi bacarmalısan.

Çoxdu Zəlimxanın doğması, yadı, Çalış, el içində enməsin adı. Onsuz da vüsalın şirindir dadı, Həsrətə dözməyi bacarmalısan.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.