Əsas məzmuna keç

Gəraylı

Babam

Zəlimxan Yaqub

2
Qalaaltıda müalicədə idim. Saatlı rayonundan gəlmiş 80 yaşlı Ağamirzə kişi ilə tanış olub doğmalaşdıq. Sinəsi incilər xəzinəsiydi. Heyranlığımı görüb məndən yadigar bir şeir istədi. Bu misralar onun eşqinə dünyaya gəldi.

Tanış olduq Qalaaltıda, Bu da bir qismətdi, babam! Fikir verdim söhbətinə, Gördüm ki, hikmətdi babam!

Aydın zəka, ağıllı baş, Qoymaz insan qala çaşbaş. Dolu sinə, iti yaddaş, Xalqa bir sərvətdi babam!

Dilində şeirin təzəsi, Canında eşqin məzəsi. Adamların baməzəsi, Məclisə zinətdi babam!

Daşa-daşa, dola-dola, Səksən ili saldın yola. Yüzə doğru uğur ola, Ömür səyahətdi, babam!

Yaxşı dur, yaxşı yar saxla, Dağsan, başında qar saxla, Şairdən yadigar saxla, Şeir bir nemətdi, babam!

Səninkiyəm, sənəm daha, Sünbülündə dənəm daha, Bir oğlun da mənəm daha, Bu sənə şöhrətdi, babam!

Haqq yerini seçən zaman, Yurddan-yurda köçən zaman, Qıl körpüdən keçən zaman, Məkanın cənnətdi, babam!

Hopdun qəlbə, yatdın qana, Layla kimi axdın qana. Baba oldun Zəlimxana, Böyük cəsarətdi, babam!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.