Əsas məzmuna keç

Heca şeiri

Babalar

Zəlimxan Yaqub

2

Mən sabaha yollanıb dünənimi sevmişəm, Qorqud olub qopuzla dinənimi sevmişəm. Kökümü, yeddi arxa dönənimi sevmişəm, Ömrünü kişi kimi sürdü getdi babalar!

Dərd hücuma keçəndə dumana bürünmədi, “Düşmənim görər” deyə dumanlı görünmədi. Papağı günə verib ətəkdə sürünmədi, Qalasını zirvədə qurdu getdi babalar!

Canda qeyrət, gözdə nur, ürəkdə təpər oldu, Ləyaqətə bir hasar, namusa çəpər oldu. Tənə daşı yağanda sinəsi sipər oldu, Torpağın keşiyində durdu getdi babalar!

Çəkil, ey qarı düşmən, mən doğanam, sən batan, Qorumasam yurdumu səs itəndi, ün batan. Atına meydan oldu gündoğanla günbatan, Bu yorulmaz yolları yordu getdi babalar!

Güldü gücsüzlüyünə “gücümü gör” deyənin, Yeri yersizlik oldu “mənimdi yer” deyənin. “Torpağı təslim eylə, şəhəri ver” deyənin Bir qılıncla boyunu vurdu getdi babalar!

Dedi səslər içində səsim gərək sayıla, Şeirim, dilim, məsləkim yer üzünə yayıla. Gah Koroğluya döndü, gah Şah İsmayıla, Vaxtında öz işini gördü getdi babalar!

Dağın nəyi qaldısa, çiçəkli düzə qaldı, Ellər nə yaratdısa, hamısı təzə qaldı. Keçmişin şərəfini qorumaq bizə qaldı, Qeyrətin çələngini hördü getdi babalar!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.