Baba həsrəti
Qayası qartallı məğrur dağ oldun, Şimşəkdən qoruya bilmədim səni. Budaqdan asılan son yarpaq oldun, Küləkdən qoruya bilmədim səni.
Xəbərin qəlbimi vurdu qanatdı, Kədəri çiynimdən ata bilmədim. Könlüm görüşünə yaman can atdı, Heyif, sağlığına çata bilmədim.
Baxsan duruşuma, görməzsən daha Bir zaman gördüyün şəvə saçları. Sən köçüb gedəli yaman oxşayıb Baba saçlarına nəvə saçları.
Həyatda yadigar qoyub getdiyin, İzəm, nişanəyəm, ləpirəm, baba. Həmişə əlindən öpərdim sənin, İndi torpağından öpürəm, baba!