Əsas məzmuna keç

Heca şeiri

Azərbaycan türkünün qanı tökülür bu gün

Zəlimxan Yaqub

2

Eşit məni Atilla, Alp Arslan, qalx məzardan, Qurtar xalqı zülümdən, qurtar milləti dardan. Ən qəmli bir səs gəlir ən qədim bir diyardan, Anaların yuxusu ərşə çəkilir bu gün, Azərbaycan türkünün qanı tökülür bu gün.

Hardasan türkmən, qazax, səsini qaldır, Krım, Düşmən sinəmiz üstə gündə açır bir şırım. Hər gün qopur qasırğa, hər gün çaxır ildırım, Başını qaldıranın bağrı sökülür bu gün, Azərbaycan türkünün qanı tökülür bu gün.

Beşiyi də kül olur, bələyi, qundağı da, Uşağı da yandırır, vəhşilər uşağı da! İnsafdan yuxarıda, Allahdan aşağıda, Ulu bir məmləkətin qəddi bükülür bu gün, Azərbaycan türkünün qanı tökülür bu gün.

Səpdiyimiz toxumlar sabah qəm bitirəcək, Neçə taleyi küskün, bəxti kəm bitirəcək. Hər gözdə, hər könüldə bir matəm bitirəcək, Torpağa dən yerinə dərdim əkilir bu gün, Azərbaycan türkünün qanı tökülür bu gün.

Olmasın heç kimsədən bir qorxum, hürküm, haray, Qoy çəkilsin dumanım, dağılsın bürküm, haray. Özün çat harayıma, qalx ATATÜRKÜM, haray! Ümid deyib gözləri haqqa dikilir bu gün, Azərbaycan türkünün qanı tökülür bu gün.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.