Azərbaycan torpağıyam
Bu dağ mənim öz dağımdı, Mən bu dağın bulağıyam. Çəmənində közə dönmüş Şölələnmiş çırağıyam.
Bu daş mənim öz daşımdı, Öz tarixim, öz yaşımdı. Qaya məğrur qardaşımdı, Onun səsi, sorağıyam.
Bu yol mənim öz yolumdu, O tay – bu tay sağ-solumdu. Xəzər sinəm, Kür qolumdu, Xan Arazın fərağıyam.
Seçməliyəm tükdən tükü, Ağırdı çiynimin yükü. Köküm Dədə Qorqud kökü, Qaracoğlan bulağıyam.
Deməsinlər gəldi-gedər, Keçirmərəm ömrü hədər. Öləndə də qəbrim qədər Azərbaycan torpağıyam!