Azərbaycan oxusun
AZƏRBAYCAN OXUSUN
Bu gün mənim ürəyim Azərbaycan boydadır, Ürəyim Azərbaycan bütün cahan boydadır! Elə hey daş atırlar qəlbimin aynasına, Elə hey çalışırlar daş dəyə, ayna sına. Elə hey çalışırlar varlığıma qəsd ola, Könlüm uça, dağıla, mənliyim şikəst ola! Uğrunda illər boyu sərt qayalar çapdığım, Qanımın bahasına qazandığım, tapdığım, Azadlıq dediyimiz ən müqəddəs neməti, Əqidəni, inamı, hünəri, cəsarəti, Zərin, zorun gücünə əlimdən almaq üçün, Ucalan bir bayrağı ayağa salmaq üçün, Ölən var, sıxılan var, Yanan var, yaxılan var! Yadların ayağına çul kimi döşənən var, Qul kimi yıxılan var! Bu boyda məmləkəti daşıynan, qayasıynan, Minillik tarixiynən, minillik mayasıynan Yağlı bir vəzifəyə sərvət kimi satan var, Nə qədər quldur, qaçaq, nə qədər şarlatan var! Dinini də satar o – tək vəzifə ver ona! Donunu da satar o – tək vəzifə ver ona! Torpaq satdı doymadı, meşə satdı, doymadı, Laçın satdı doymadı, Şuşa satdı, doymadı! Silah satdı, doymadı, sursat satdı, doymadı, Diri satdı, doymadı, ölü satdı, doymadı, Bir “malades” sözünə eli satdı, doymadı, Millətin düşmənləri indi də millət satır! Dövlətin düşmənləri indi də dövlət satır! Satır, elə bilir ki, yad ona yağ-bal verir, Verən yaxşı bilir ki, yad itinə yal verir!
Saz bir boğazdan ötrü, tox bir qarından ötrü, Dünyanı gözdən salan dünya varından ötrü Satır vətənini, elini satır, Ağzından çıxarıb dilini satır. Satır torpağını yağıya, yada, Satır anasını, bacısını da! Beləcə satılıb min illər boyu, Dağdan ucalığım, bağdan dirliyim. Belə parçalanıb, belə bölünüb, Mənim bütövlüyüm, mənim birliyim! Kimdi bulandıran axar suları? Bulanan çeşmələr durulmalıdı! Satqına məhkəmə otlaqlarda yox, Geniş meydanlarda qurulmalıdır! Arxadan kürəyə vurulan bıçaq, Sinəyə sancılan ox daha bəsdi! Piylilər, harınlar, yekəqarınlar Nə qədər oldusa tox, daha bəsdi! Çuval ağızları, xurcun gözləri, Qazan mədənləri doydurmaq olmur. Bir loxma çörəklə gün keçirən var, Boylu gədələri doydurmaq olmur. Millətə tutulan təxribatların Təxtini bir yolluq devirməliyik! Satqının himini kökündən qazıb, Altını üstünə çevirməliyik! Vətəndaş vətənin görən gözləri, Əsgər səngərində gərək yatmasın. Vuruşma dayanıb, döyüş səngiyib, Sakitlik heç kəsi qoy aldatmasın! Soyuq çadırlarda donur körpələr, Qaçqınlar hələ də amanda, ahda. Ən güclü, ən kəskin mübarizəmiz, Hələ qarşıdadı, hələ sabahda! Azadlıq ən uca sözdü həyatda, Onu az düşünüb, az anmamışıq.
Biz onu zamanın əlindən aldıq, Kiməsə verməyə qazanmamışıq! Bəli, mən azadlığı, Heç kəsdən almamışam sovqat kimi, pay kimi. Mənim müstəqilliyim – Mənim ən böyük arzum, ən ulu niyyətimdi. Doxsanın yanvarında axan qızıl qanımdı, Əqidəm, məsləkimdi, dinimdi, imanımdı! Neçə arzular yorub, neçə sular yarmışam, Mən onu əjdahanın ağzından çıxarmışam! Ey nəfsi, iştahası əjdahaya dönənlər, Ağzını açan kimi bayquş kimi dinənlər, Aydındı hər bir kəsə əməliniz, işiniz, Yeddi başınız olsa, qırılacaq dişiniz! Yeddi canınız olsa, dağılacaq leşiniz! Yeddi yerə söykənib, yeddi dayaq tapsanız, Yeddi başa güvənib, yeddi ayaq tapsanız, Cəsarətin əliylə kəsiləcək ayaqlar! Həqiqətin gücüylə sökülüb töküləcək, Kökü çoxdan çürümüş ətrafı boş dayaqlar! Dünyanın ən bahalı sərvətindən, zərindən, Ləlindən, daş-qaşından, ən böyük gövhərindən, Mənim müstəqilliyim min-min dəfə bahadı! Dönüş yoxdu geriyə, üzümüz sabahadı! Əgər sən doğrudan da millətin oğlusansa, Ruhunla, varlığınla torpağa bağlısansa, Çıxart ürəyindəki kini, dedi-qodunu, Böyük diləklərə ver ürəyinin odunu! Sevgini, istəyini torpağa ver, daşa ver, Qoşuna, sərkərdəyə, başçıya ver, başa ver! Demə ki, bu torpağın sahibi, yiyəsi yox, Demə kəsmir qılıncım, sapı var, tiyəsi yox. Bu millətin başında başçı da var, baş da var, Vətənə sahib olan əsl Vətəndaş da var! Nə baxışda xəyanət, nə ürəkdə kin olsun, Təki görməyə gözün, duymağa qəlbin olsun!
Kim bu xalqın önündə getməyi bacarırsa, Tilsimləri sındırır, tufanları yarırsa, Ən qorxulu nöqtəyə kişi kimi gedirsə, Ən ağrılı yerlərə igid kimi varırsa, Kişi odur, mərd odur! Onun tərəfində dur!!!
Millət kimin eşqinə dəniztək qabarırsa, Xəyanətin başında tufanlar qoparırsa, Kim xalqı bayraq kimi üfüqlərə qaldırıb, Kim xalqı qoşun kimi ardınca aparırsa, Qaya odur, sərt odur! Onun tərəfində dur!!!
Kim topları susdurur ağlıyla, əsəriylə, Kim qanı dayandırır sözünün kəsəriylə, Kim xalqa dərədən yox, zirvələrdən baxırsa, Yağıların başında şimşək kimi çaxırsa, Dünyanın hər yerinə Azərbaycan xalqının qanadını açırsa, Onu görən düşmənin rəngi, ruhu qaçırsa, Haqlı odur, haqq odur! Haqqın tərəfində dur!!!
Ey mənim müdrik xalqım, ey qəhrəman millətim! Ey yeraltı xəzinəm, ey yerüstü sərvətim! Daş daşa söykənəndə çevrilib divar olur, Dağ dağa söykənəndə zaman-zaman var olur! El elə güvənəndə yurdu basılmaz olur, Əl ələ güvənəndə güllər açır, yaz olur! Mənim bu dediklərim tərsinə çevriləndə, Xoşbəxtliyin sarayı uçanda, devriləndə, Vətən də yalqız olur, millət də yalqız olur! Vətən də yazıq olur, millət də yazıq olur!
Şər özünü yormasın, bu qüdrət tutmaz ləkə, Nə bu millət kölədi, nə torpaq müstəmləkə! Bayraq azadlığım var, başım üstə yellənir! Torpaq azadlığım var, Dağları zirvələnər, düzləri sünbüllənər! Torpaq azad olanda çiçəklənər, güllənər! Dəniz azad olanda hey qabarar, çəkilər, Çeşmə azad olanda aşar, daşar, sellənər! İnsan azad olanda duyğuları tellənər! Tellən, bayrağım mənim!!! Güllən, torpağım mənim!!! Oxu, dodağım mənim!!! Alış, ocağım mənim!!! İstiqlal havasını, xoşbəxtlik nəğməsini Ürəkdə yanan işıq, damarda qan oxusun! Ölməz Əhməd Cavadın “Azərbaycan” şeirini, Ölməz Səməd Vurğunun “Azərbaycan” şeirini, Azərbaycan oxusun!!! AZƏRBAYCAN OXUSUN!!!
19, dekabr