Əsas məzmuna keç

Heca şeiri

Azərbaycan bayrağı

Zəlimxan Yaqub

2

Ruhdan, candan, imandan, əqidədən yoğrulan, Varlığı şəhidlərin al-qanıyla doğrulan, Adı haqqın adıtək ucalardan çağrılan, Azərbaycan bayrağı!

Sənin adını çəkən dillər halal olmalı, Səni göyə qaldıran əllər halal olmalı. Bayraq deyən dodaqda söz dönüb bal olmalı, Azərbaycan bayrağı!

Qətiyyətim, qeyrətim, qələbəm, zəfərimsən, Uğurlu sabahlara ən nurlu səfərimsən. Savaşda cəsarətim, döyüşdə təpərimsən, Azərbaycan bayrağı!

Həm özü xoşbəxt olar, həm yurdu, həm ölkəsi, Səni candan sevənin böyük olar kölgəsi. Vətənə məhəbbətin yox sərhədi, bölgəsi, Azərbaycan bayrağı!

Səndə gücü birləşib torpağın, dağın, daşın, Səndə ruhu birləşib haqq uğrunda savaşın. Yağıların önündə heç vaxt əyilməz başın, Azərbaycan bayrağı!

Səhər vaxtı, dan üzü, nur qaynağı, nur yeri, Müjdə yeri, səs yeri, səda yeri, sur yeri. Dövlətin bel sütunu, millətin qürur yeri, Azərbaycan bayrağı!

Sən mənim taleyimin göy, yaşılı, alısan, Uzaq yollar gəlmişəm, yollarımdan halısan. Qarabağda, Şuşada qələbə çalmalısan, Azərbaycan bayrağı!

Əlli milyon ürəkdə yüz milyon göz üstəsən, Ən sağlam bir əqidə, ən güclü söz üstəsən. Odlar yurduna ünvan, od üstə, köz üstəsən, Azərbaycan bayrağı!

Hünərlə qəhrəmanlıq, şərəflə şan bayrağı, Göy üzünün aynası, bir kəhkəşan bayrağı. Duyğuların, hisslərin aşıb-daşan bayrağı, Damarda qan dalğası, canımda can bayrağı, Azərbaycan bayrağı!

2010, 19 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.