Azər Turana təsəlli
Onun ürəyinə, onun qəlbinə, Əcəlin qılıncı tez dəydi, Azər. Dərdin əllərində dağlandı sinə, Ona nəzər dəydi, göz dəydi, Azər.
Getməz qulağımdan mehriban səsi, Sənin qardaşoğlun, mənim balamdı. İyirmi beş yaşında ruh sərkərdəsi, Yıxılan dağımdı, uçan qalamdı.
Mən onu görəndə dilində Allah, Əlində müqəddəs Quran görmüşəm. Nurlu gözlərində ən uca dərgah, İşıqlı qəlbində Turan görmüşəm.
Yazmaq istəyirəm, əlim bürüşür, Tale niyə belə tərs yazı yazdı. Müşfiqlə Cabbarlı yadıma düşür, O boyda istedad çox yaşamazdı.
Baban Azərbaycan ağsaqqalıdı, Belini sındırdın, qəddini əydin, Onu ki hamıdan çox istəyirdin, Bəs niyə sən onun xətrinə dəydin.
Nöqtəsi qoyuldu, demək, bu ömrün, Göz yaşı oldusa göl, Əbil balam, Dəyməmiş töküldü meyvə budaqdan, Nə yaman tez əsdi yel, Əbil balam.
Gördüyün işləri savab gözləyir, Tarix suallara cavab gözləyir, Səndən təzə-təzə kitab gözləyir, Böyük Çöl dediyin çöl, Əbil balam.
İpəyim, mələyim, təmizim, xasım, Mələk itirmişəm, ağırdı yasım, Gəl səni təzədən bağrıma basım, Özün aç qolunu, gəl, Əbil balam.
Qayıqdır çevrilən, gəmidir batan, Dağlara dağ çəkir torpaqda yatan, Tünzalə anandı, Etibar atan, Dərdini onlarla böl, Əbil balam.
2010, 5 avqust