Əsas məzmuna keç

Qoşma

Azaflı Mikayılla

Zəlimxan Yaqub

1

Zəlimxan Yaqub

Ay bulaq başına tələsən gözəl, Könlümü əlimdən al, yavaş yeri. Tərpənər yerindən dağların mehi, Sürüşər başından şal, yavaş yeri.

Mikayıl Azaflı

Gözəllər eşqiylə çağlayan şair, Qocanı da yada sal, yavaş yeri. Qəlbini qəlbimə bağlayan şair, Ay qarasaç, qaldı çal, yavaş yeri.

Zəlimxan Yaqub

Ötməsin, aylara, illərə yalvar, Gəzməyə nə qədər çiçəkli yal var. Laləyə bənzəmə, bağrında xal var, Düşməsin qəlbinə xal, yavaş yeri.

Mikayıl Azaflı

Hər uca dağlardan səfa gözləmə, Hər həkim əlindən şəfa gözləmə. Hər keçən gözəldən vəfa gözləmə, Sayma hər şirini bal, yavaş yeri.

Zəlimxan Yaqub

Üstümə od tökər, yel əsdirərsən, Bağrımın başında tel əsdirərsən. Dəyməmiş meyvəmi tələsdirərsən, Düşər budağından kal, yavaş yeri.

Mikayıl Azaflı

Aşıq var ki, bülbül, gül aşiqidir, Aşıq var ki, sərvət, pul aşiqidir. Azaflı Mikayıl el aşiqidir, Gəl onun həmdəmi ol, yavaş yeri.

Zəlimxan Yaqub

Sənin şöhrətini aləmə yayır, Zəlimxan özünü bəxtəvər sayır. Qara saçlarından üçcə tel ayır, Sevdiyim havanı çal, yavaş yeri.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.