Azadlıq ver arzulara
Gözü, könlü intizarda, Qəlbi köynəkdə saxlama. Qılınc qında pas atmasın, Sazı köynəkdə saxlama.
Səsin varsa, qaldır zilə, Endirib pəsdə saxlama. Tor-top olar, uça bilməz, Quşu qəfəsdə saxlama.
Dara düşüb, dardan qurtar, İgidi darda saxlama. Burax əldən cilovunu, Fikri cidarda saxlama.
Ürəyini deşə bilər, Sözü ürəkdə saxlama. Gücün çatmır, tulla getsin, Yükü kürəkdə saxlama.
Öp günəşi zərrə-zərrə, Fürsəti Aya saxlama. Bəlkə, heç Ay görünmədi, Vaxtı sonraya saxlama.
Qıfıl, zəncir, buxov, qandal, Parçala, canda saxlama. Azadlıq ver arzulara, Ruhu zindanda saxlama!
2001, 3 yanvar