Əsas məzmuna keç

Heca şeiri

Azadlıq

Zəlimxan Yaqub

1

Gözümü açandan başımın üstə, Qadağa görmüşəm, qapaz görmüşəm. Millət köləlikdə, Vətən qəfəsdə, Böyük azadlığı lap az görmüşəm.

Qanla suvarılıb qəlbin şadlığı, Ümidi sındırıb, eşqi qırıblar. Bütöv görməmişəm mən azadlığı, Bir damla su kimi dadızdırıblar.

Haqqa qovuşdurar haqq deyən kəsi, Azadlıq şamının şöləsi olmaq. Ağırdı kiminsə müstəmləkəsi, Çətindi kiminsə köləsi olmaq.

Nəyimə çatmazdı varım, varlığım, Öz ağlım, öz əlim, öz başım olsa? Hamıya yetərdi bəxtiyarlığım, Öz damım, divarım, öz daşım olsa.

Azadlıq – sözlərin ən müqəddəsi, Dəyəri, qiyməti bahadan baha. Gözümün işığı, qəlbimin səsi, Mən onu əlimdən vermərəm daha.

Qoyaq nöqtəsini həsrətin, yasın, Tanrılar güvənsin bu şadlığıma. Azadlıq heç zaman qurban olmasın, Mən qurban kəsilim azadlığıma!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.