Azadim hanı?
Fələk, gedər idim, sən düçar oldun, Gözümün nuranı Azadim hanı? Qəlbimi çıxarıb, itlərə verdin, Şəhrimin sultanı Azadim hanı?
İmamsız qalıbdır məscid-mehrabım, Doğmadı nur saçan ol mahım, tabım, Yalnız qaldım, sel alıbdır ətrafım, Könlümün ümmanı Azadim hanı?
Şəkər ikən zəhər oldu sözlərim, Zəfəran tək saralıbdır üzlərim, Qüvvət getdi, qubarlandı gözlərim, Minbərim əzanı Azadim hanı?
Dörd fəslim nar oldu, dağlar əridi, Dirilər uçdular, ölü yeridi, Gedən varıb haqqa iqbal dirədi, Elimin zəbanı Azadim hanı?
Torpaqlar sel oldu, sellər qum oldu, Xumlar cəm oldular, cəmlər xum oldu, Həvəslər yas oldu, peşəm qəm oldu, Ürəyim aramı Azadim hanı?
Ölülər dirilib, ərzə vardılar, Haqdan bir kəlamı gəlib sordular, Çox yalvarıb, anlat deyib durdular, Ölü-diri dövranı Azadim hanı?
Kafirlər şad olub, ağlar müsəlman, Haqqa yalvarıbdır Xıdır, Süleyman, Buğ olub yüksəldi ərşə bu ümman, Göylənin pəlvanı Azadim hanı?
Ərmanım yox, fələk, bir savaş qılsam, Ya yıxsan, basılsam, ya sərin alsam,
İtlərə aş edib, bazara salsam, Bağımın reyhanı Azadim hanı?
Guşlar eşidəndə varı kar oldu, Dağ əridi, daşlar bütün yer oldu, Mollalar Quransız, pirlər kor oldu, Sahibi-Quranım Azadim hanı?
Yer üzünü siyah duman eylədin, Söylə, fələk kimə aman eylədin, Fəraqini, bax, biiman eylədin Namusum imanı Azadim hanı?