Aysu bala
Qız balamın çiçək kimi qız balası, Yağım-balım, qəndim-çayım, Aysu bala! Körpələrin cərgəsində dördüncüsən, Nəvələrdən dörddü sayım, Aysu bala! Nəvə kimi şirin nə var bu dünyada, Atam-anam, əmim-dayım, Aysu bala! Çiçəklənən arzuların tər qönçəsi, Bar gətirən yazım-yayım, Aysu bala! Aysu – Günay – iki Ay var bir ocaqda, İlahidən gələn payım, Aysu bala! Yer üzünə gələn günün mübarəkdir, Ad günündür ən xoş ayım, Aysu bala! Yerim-göyüm, məhəbbətim sənə qurban, Yerdə suyum, göydə Ayım, Aysu bala!
2007, 21 noyabr