Ayrıldım
Bülbüləm, ahu zar çəkib, Tazə gülzardan ayrıldım. Gözdən qanlı yaşım töküb, Sevdiyim yardan ayrıldım.
Yara yaraşar sürməcə, Sifətin söylərəm onca, Ağzı şəkər, ləbi qönçə, Zülfü qaradan ayrıldım.
Şirin canda yoxdur taqət, Cəbri onun cana rahət, Qaşları fitneyi-afət, Çeşmi-xunxardan ayrıldım.
Ayrıldım qönçə-gülümdən, Siyah saçı sünbülümdən, Xoş avazlı bülbülümdən, Şirin göftardan ayrıldım.
Dəli könlüm arzumanı, Külli gözəllərin xanı, Səkkiz cənnətin bostanı, Bağçalı vardan ayrıldım.
Elləri var toy-düyünlü, Soyuq sulu, göy çəmənli, Eli – göylən, adı – Mənli, Nazlı dildardan ayrıldım.
Məxdumqulu, aşiq məstan, Bağladım şanına dastan, Mənzilgahi bağü bostan, Almalı nardan ayrıldım.