Əsas məzmuna keç

Qoşma

Aydın üfüqlərə bax, durul, dedi

Zəlimxan Yaqub

1

Nəyi istəyirsən, hər şeyi verdi, Dünyaya baxmağa göz verdi Allah. Bizim əlimizdə qələm işlədi, Bizim dilimizdə söz verdi Allah.

Ocaq bir yerimiz, su bir yerimiz, Bu dağlar, bu daşlar səbir yerimiz. Öləndə hazırdı qəbir yerimiz, Kəfənə bükməyə bez verdi Allah.

Nəfsə, iştahaya olma qul, – dedi, Nəfs edər adamı qara qul, – dedi. Aydın üfüqlərə bax, durul, – dedi, Nur verdi, od verdi, göz verdi Allah.

Köhlən havalandı, meydan dar oldu, Bəzən baharda da yağan qar oldu. Bir az gəncliyimiz tezbazar oldu, Bir az ağrıları tez verdi Allah.

Meydan əllinin yox, yüzün olaydı, Uzun yaşamağa izin olaydı. Ömrümüz bir az da uzun olaydı, Heyif ki, möhləti az verdi Allah.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.