Əsas məzmuna keç

Heca şeiri

Ayağın tutduqca gəz təbiəti

Zəlimxan Yaqub

1

Bax bu gözəlliyə, bax, gözəl insan, Ürəyi təmizlə, işi təmizlə. Şeytandan uzaqda sənindi meydan, Günahı təmizlə, suçu təmizlə.

Zərif fikirdədi, kövrək duyğuda, Hər güldə çəmənin bir ilməsi var. “Bir zərrə şəfəqdə, bir damla suda”1, Ölmüş duyğuların dirilməsi var.

İlahi, bu boyda zənginlik nədir? Kim duya, duymaya – qismətə, baxta. Gözəllik adamı öldürməkdədir, Gözəllər adamı yaralamaqda.

Tanrı fürsətini vermə əlindən, Qayna bulaqlarla, qarış sulara. Şirin bir görüş al dağ gözəlindən, Bir cüt qanad olsun xoş arzulara.

Uludu, təmizdi şair niyyəti, Bahadı, sevgimiz qoy baha qalsın. Ayağın tutduqca gəz təbiəti, Demə ki, gəzərəm, sabaha qalsın.

2002, 14 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.