Ay Zəlimxan, altmışın mübarək!
Ömür nədir? Dünən çiçək, bu gün qar, Ötən yazın, gələn qışın mübarək! Qarı görüb qəlbin yaman kövrəlib, Düyünlənmiş tutqun qaşın mübarək!
Dönə-dönə bərkə-boşa çəkdilər, Bir dağ idin, qaya-qaya sökdülər, Doğradılar, şumladılar, əkdilər, Sinən üstdən keçən xışın mübarək!
Gül olacaq, qar olacaq, nə bilim, Yox olacaq, var olacaq, nə bilim, Ömür harda qırılacaq, nə bilim, Yüzə doğru gedən yaşın mübarək!
Əcəl zalım, insan oğlu fağırdı, Bir də gördün ölüm səni çağırdı, Çəkdiyin yük bu dünyadan ağırdı, Nəmli gözün, qəmli başın mübarək!
Tanıdılar, bəllədilər bəllini, Özün tapdın hər misalın həllini, Sağ-salamat yola saldın əllini, Ay Zəlimxan, altmışın mübarək!
2010, 22 mart