Əsas məzmuna keç

Bağlama

Ay nədən oldu

Aşıq Ələsgər

1

Yerin, göyün, ərşin, kürsün, insanın Künhü, bünövrəsi ay nədən oldu? Yeri göydən, göyü yerdən kim seçdi? Hikmətin dəryası ay nədən oldu?

Yeddi qat göz nə növünən quruldu? Neçə qəndil, neçə sütun vuruldu? "Sən kimsən?", "Mən kiməm?", - kimdən soruldu? Ustadlar ustası ay nədən oldu?

Nədən loh yarandı, nədəndi qələm? Neçə hüruf o məclisdə oldu cəm? Aləmi-ərvahda qurulan ələm Ayəsi, şüqqəsi ay nədən oldu?

Mansırın toxmağı, İsrafil suru, Kəbənin Zəmzəmi, Musanın Turu, Nitqimin guyası, didəmin nuru, Sərimin sevdası ay nədən oldu?

Yazıq Ələsgərəm, intizarım var, Alimsənsə, məni eylə xəbərdar: Elmi hardan tapdı cümlə aşıqlar? Şeri-müəmması ay nədən oldu?

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.