Əsas məzmuna keç

Qoşma

Ay Məmməd Aslan

Zəlimxan Yaqub

1

Ölüb o yerlərdə qalam deyirdim, Kaş, onda öləydim, ay Məmməd Aslan. Ağdaban kəndində keçən ömrümü, Şəmşirlə böləydim, ay Məmməd Aslan.

Sirdaşı olaydım dumanın, çənin, Yarpağın, torpağın, sünbülün, dənin. Kövrəlib dolanda, Güllü nənənin Göz yaşın siləydim, ay Məmməd Aslan.

Minib Taxtadüzün köhlən atına, Uçaydım göylərin yeddi qatına. Bal qatıb Qəmbərin zarafatına, Danışıb-güləydim, ay Məmməd Aslan.

Qoşa dillənəydi qələm sazımla, Baş-başa verəydi aləm sazımla, Fərhad külüngümlə, Kərəm sazımla, Dağları dələydim, ay Məmməd Aslan.

Bu dərdi düşünən baş qalmayacaq, Quruyan gözlərdə yaş qalmayacaq, Nə bilim daş üstə daş qalmayacaq, Mən hardan biləydim, ay Məmməd Aslan.

Bilirəm, küskünsən sən də dünyaya, Gör nə zülüm verir bəndə dünyaya. Kəlbəcər qayıda, mən də dünyaya Yenidən gələydim, ay Məmməd Aslan.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.