Əsas məzmuna keç

Heca şeiri

Axmayın, göz yaşları

Zəlimxan Yaqub

2

Duzlu sular od vurub yanaqları yandırar, Dərddən, qəmdən, kədərdən süzülüb axarsınız. Yoxsulun nəzərində, yetimin xəyalında, İlikləri göynədən yağışsınız, qarsınız, Axmayın, göz yaşları, Allaha baxarsınız!

Baxışlar buludlaşıb, başda duman olanda, Bağrımız parçalanıb, qəlbimiz qan olanda, Ağrılar pəncəsində çırpınan can olanda, Kirpikləri, gözləri yandırıb-yaxarsınız, Axmayın, göz yaşları, Allaha baxarsınız!

İztirablar, əzablar beyin yarar, baş dələr, Dərd dağıdan olmasa, “ahım oxu daş dələr”. Oxlar dəlməyən yeri gözdən axan yaş dələr, Qaya olsa əridər, dağ olsa yıxarsınız, Axmayın, göz yaşları, Allaha baxarsınız!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.