Atatürk köşkündə keçən günlərim
Məni ovsunladı bir ad, üç heca, Oldum müsafiri üç gün, üç gecə. Oğlumdan cavandı, babamdan qoca, Atatürk köşkündə keçən günlərim.
Tanrı qüdrətiydi, Tanrıydı-nəydi, Əyilməz başları önündə əydi. Əlli il sürdüyüm bir ömrə dəydi, Atatürk köşkündə keçən günlərim.
Döyüşün şiddəti, şəhidin adı, Yurdun şirinliyi, Vətənin dadı. Gör mənə nələri xatırlatmadı, Atatürk köşkündə keçən günlərim.
Türkün tükənməyən eşqinə döndü, Sevinci selləndi, daşqına döndü. Ömrümün əbədi köşkünə döndü, Atatürk köşkündə keçən günlərim.
Bozqurda bəslənən qurd sevgisidi, Torpaq ağrısıydı, yurd sevgisiydi. Türkü sevənlərin mərd sevgisiydi, Atatürk köşkündə keçən günlərim.
Min kitab yazsan da, demə bəsidi, Yaddaşın harayı, ruhun səsidi. Allahın şairə hədiyyəsidi, Atatürk köşkündə keçən günlərim.
Çox ömrün payına qar-şaxta düşdü, Cana nə düşdüsə sazaqda düşdü. Ürəyim ağrıyan bir vaxta düşdü, Atatürk köşkündə keçən günlərim.
Odası çevrildi otağım oldu, Yatdığı çarpayı yatağım oldu. Batmaz səsim oldu, sorağım oldu, Atatürk köşkündə keçən günlərim.
Mustafa Kamalın xəstə günləri, Eşitdim səsləri, duydum ünləri. Açdı çox sirləri, çox düyünləri, Atatürk köşkündə keçən günlərim.
Yerdən də, göydən də həvəs alırdı, Bir soraq alırdı, bir səs alırdı. Onun ciyəriylə nəfəs alırdı, Atatürk köşkündə keçən günlərim.
Ana sevgisiylə açıb qolunu, Göstərdi tarixdən gələn yolunu. Mənə tanıtdırdı Anadolunu, Atatürk köşkündə keçən günlərim.
Qaçmadı ölümdən, qorxmadı yasdan, Oldu Çanaqqala dillərdə dastan. Başladı Samsundan, çıxdı Sivasdan, Atatürk köşkündə keçən günlərim.
Ümiddi, inamdı, qeyrətdi mənə, Min il tükənməyən sərvətdi mənə. Həqiqət tarixi öyrətdi mənə, Atatürk köşkündə keçən günlərim.
Türk nə, Türkiyə nə, Türküstan nədir, Cahanda Türk adlı bu cahan nədir. Dedi igid kimdi, qəhrəman nədir, Atatürk köşkündə keçən günlərim.
Gah sevinc yaşandı, gah da qəm oldu, Gözümdə müqəddəs bir aləm oldu. Ən şirin, ən dadlı xatirəm oldu, Atatürk köşkündə keçən günlərim.
2004, 3 noyabr İstanbul, Avropa yaxası, Atatürk köşkü