Əsas məzmuna keç

Gəraylı

Atam üz qoyduğu torpaq

Zəlimxan Yaqub

3

Üz sürtərəm ayağına, Atam üz qoyduğu torpaq. Qarışaram torpağına, Atam üz qoyduğu torpaq.

Öz çiçəyim, öz arımsan, Beşiyimsən, məzarımsan, Ən müqəddəs güzarımsan, Atam üz qoyduğu torpaq.

Könlümün nisgili, yası, Qəlbimin qubarı, pası, Borçalının bir parası, Atam üz qoyduğu torpaq.

Taleyimin son ünvanı, Son möhürü, son nişanı, Kəpənəkçi qəbiristanı, Atam üz qoyduğu torpaq.

Varım sənsən, yoxum sənsən, Bərəkət sən, toxum sənsən. Yatsam, şirin yuxum sənsən, Atam üz qoyduğu torpaq.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.