Atalı, atasız günlərin şeirləri
1
Dünən od yağardı baxışlarından, Bu günsə qocalıq yağır, ay ata. Üzüləndə ürək, ağrıyanda can, Ağırdı insana, ağır, ay ata!
Qəlbin təpərliydi, gözün işıqlı, Zarafat gələrdi sənə bu dünya. Olsa da ay üzlü, gün yaraşıqlı, Dönərmiş dumana, çənə bu dünya.
Göylər qəzəbini yerə tökəndə Sellərlə zarafat eyləmək olmur. Qaməti əyəndə, qəddi bükəndə İllərlə zarafat eyləmək olmur!
Şirindi dünyanın toy-düyünləri, Əvvəlcə qol açdı, “gəl-gəl” eylədi. Ağac ömründəki yarpaq günləri Ömrün payız fəsli xəzəl eylədi.
Ay ata, sən kövrək olandan bəri Dünya gözlərimdə sarıdır, sarı. Gözümə sürtürəm o xəzəlləri, Bağrıma basıram o yarpaqları!
Atadır ağzının ləzzəti, dadı, İgid oğulların, gözəl qızların. Atalı dünyanın dadı başqadı, Qəlbinə dəyməsin atasızların!
Külünlə sönənəm, odunla yanan, Deyirəm xoşbəxtəm, atam yaşayır. Qəlbimdə ilahi nemət adlanan O ləzzət yaşayır, o tam yaşayır.
Kədərli anımda, qəmli çağımda, Varlığın ruhuma köməkdir mənim. Bircə gün ömrünü uzatmağım da Yüz il yaşamağım deməkdir mənim!
Yersiz danışmadın, yersiz susmadın, Mən səni nə dilli, nə lal görmüşəm. Həmişə hörmətlə çəkilib adın, Süfrəndə hər şeyi halal görmüşəm.
Söz nə mehribandı, səs nə həlimdi, Hər gün qulağıma səsin şən gəlir. Yaman nə varımsa öz əməlimdi, Yaxşı nə görsələr o səndən gəlir!
Evimdə çörəkdi, sünbülümdə dən, Əlindəki qabar, alnındakı tər. Nə zaman torpağa toxum səpərsən, Yerində halallıq göyərər, bitər!
Yorğun kirpiyinlə od götürməli, Bir nəslin yükünü daşımalıydın. Sən elə bu cürə ömür sürməli, Sən elə bu cürə yaşamalıydın!
2. Xatirəyə dönən atam
Nə ağırmış ayrılığın, Ağır-ağır dinən atam. Çıraq kimi öləziyən, Ocaq kimi sönən atam.
Öz işində ölüm usta, Ürək qəmdə, könül yasda. Çiyinlərdən asta-asta Haqq evinə enən atam.
Yada düşür nələr, nələr... Qəmli könül qalır mələr. Heç kirimir xatirələr, Xatirəyə dönən atam.
3. Açmaz
Başdaşı adam deyil, Dindirsəm də dil açmaz. Başdaşı atam deyil, Qucaqlasam qol açmaz.
Qəm diridir, canlıdır, Göz yaşlarım qanlıdır. Ürəyim tikanlıdır, Dodaqlarım gül açmaz.
Şadlığı bir an olar, Qazancında qan olar, Könül qanadan olar, Bu dünya könül açmaz!
4. Apardı
Ata, ayrılığın yaman ağırmış, Ağladım, gözümü yaşlar apardı. Sənsiz talan olmuş xırman yeriyəm, Daşıdı dənimi quşlar apardı.
Qaçsam da dünyanın qəm-kədərindən, Bağrım dağ-dağ oldu minbir yerindən. Dərd öz kotanını çəkdi dərindən, Şumladı sinəmi, xışlar apardı.
Sarsıldı ağrıdan ürək də, can da, Dəyanət neyləsin belə bir anda. İtirdim başımı başsız qalanda, Əcəl qılınc çəkdi, başlar apardı.
İnana bilməzdim vüqarım sına, Ürəyim dözmədi ata yasına. Yaman öyrənmişdim yaz havasına, Üşüdüm, ömrümü qışlar apardı.
Yağdı saçlarıma həsrətin qarı, Heç oldu gözümdə həyatın varı. Yeriyə bilmədim qəbrinə sarı, Süründüm, dizimi daşlar apardı!