Ata heykəli
Otuz beş il ötür o vaxtdan bəri, Olub-keçənləri bir-bir sayıram. Döyüşlə, silahla keçən illəri Ata söhbətiylə xatırlayıram.
Solub çiçəkləri, yanıb bağları, Atalar həyatda, eh, nələr görüb. Başları ən ağır bəlalar çəkib, Gözləri ən qanlı səhnələr görüb.
Odlu nəfəsiylə yarıb buzları, Ömrü qasırğadan, qışdan çıxardıb. Qələbə səsini, həyat eşqini Qayadan qopardıb, daşdan çıxardıb.
Gündüzlər aparıb əlini şaxta, Gecələr ayazda donub buz kimi. İnanıb yenə də dövrana, vaxta, Alışıb ümidi bir ulduz kimi.
Bir ömrü yüz ömrün səadətinə Bölməyi bacarıb atalarımız. Bir nəsli vüqarla yaşatmaq üçün, Ölməyi bacarıb atalarımız!
Heç ucuz baxarmı gələcəyinə, Kim öz keçmişindən yaxşı halıdır. Hər oğul yer verib öz ürəyində, Bir ata heykəli yaratmalıdır!
1977, 8 oktyabr